Möhtərəm cənab Prezident!

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bu möhtəşəm Qələbənin əldə olunmasında nümayiş etdirdiyiniz siyasi qətiyyətə, prinsipial mövqeyə və güclü liderliyə görə Sizə dərin ehtiramımı bildirirəm.

Zəfər Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, gələcək nəsillərin də fəxrlə xatırlayacağı tarixi hadisədir. Uzun illər xalqımızın qəlbində yaşayan torpaq həsrətinin sona çatması, işğal altında olan ərazilərimizin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası müasir Azərbaycan tarixinin ən mühüm nailiyyətlərindəndir. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, milli birliyə, güclü dövlətə və qətiyyətli rəhbərliyə malik xalq qarşısına qoyduğu ən böyük məqsədlərə nail ola bilər.

Möhtərəm cənab Prezident!

Bu gün gənc Azərbaycan vətəndaşı olaraq ən böyük arzum ölkəmizin bütün sahələrdə daha da inkişaf etdiyini, müasir çağırışlara uyğun gücləndiyini və beynəlxalq miqyasda öz sözünü deyən dövlət kimi mövqeyini daha da möhkəmləndirdiyini görməkdir. Hesab edirəm ki, Zəfərdən sonra yetişən gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biri bu tarixi nailiyyəti qorumaq, dövlətimizin inkişafına öz əməyi ilə töhfə vermək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.

Gənclərin potensialının üzə çıxarılması, onların təhsil alması, müasir texnologiyalara yiyələnməsi, peşəkar kadr kimi formalaşması və ölkənin idarəetmə proseslərində iştirak imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini yüksək qiymətləndirirəm. Xüsusilə gənclərin təşəbbüslərinə verilən dəstək və onların inkişafı üçün yaradılan imkanlar gələcəyimizə qoyulan mühüm sərmayədir.

Bir gənc olaraq çalışdığım sahənin ölkəmizin rəqəmsal inkişafı, informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsi və müasir infrastrukturun formalaşdırılması baxımından əhəmiyyətini yaxşı anlayıram. İnanıram ki, hər bir gənc öz peşəsinə məsuliyyətlə yanaşaraq çalışdığı sahədə yeniliklərə açıq olmaqla və daim öz üzərində işləməklə dövlətimizin ümumi inkişafına real töhfə verə bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Sizin rəhbərliyinizlə davam etdirilməsi, müstəqil dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi bizim kimi gənclər üçün mühüm örnəkdir.

Möhtərəm cənab Prezident!

Zəfərin qazanılmasında əməyi və fədakarlığı olan hər bir Azərbaycan övladının qarşısında dərin ehtiramla baş əyirəm. Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır. Bu Qələbənin bizə həvalə etdiyi ən böyük mənəvi məsuliyyət şəhidlərimizin əmanətinə sahib çıxmaq, dövlətimizin müstəqilliyini və suverenliyini qorumaqdır.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Xalqımıza sülh, təhlükəsizlik, rifah və firavanlıq, gənclərimizə isə ölkəmizin gələcəyinin qurulmasında layiqli iştirak etməyi arzulayıram.

Əminəm ki, Azərbaycan gəncliyi öz biliyi, əməyi, vətənpərvərliyi və dövlətinə bağlılığı ilə Zəfər tariximizin davamını ölkəmizin yeni inkişaf nailiyyətləri ilə yazacaqdır.

8 Noyabr - Zəfər Günümüz mübarək olsun!

Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!

Hörmətlə,

Nicat Heydərov,

Azərbaycan Respublikası, Ağdaş şəhəri.