Hörmətli cənab Prezident!
Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyası adından və şəxsən öz adımdan Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və bu möhtəşəm tarixi günün sevincini və qürurunu yaşayan Azərbaycan xalqına uğurlar arzulayıram.
Zəfər Günü Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı, milli yaddaşımızın, dövlətçilik iradəmizin və Vətənə bağlılığımızın təntənəsidir. Bu gün xalqımız üçün sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, milli qürurumuzun, birliyimizin və gələcəyə inamımızın rəmzidir.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan öz tarixinin ən mühüm strateji hədəflərindən birinə nail oldu. Uzun illər xalqımızın qəlbində yaşayan Qarabağ arzusu reallığa çevrildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətimizin tarixində yeni səhifə açdı. Bu Zəfər ölkəmizin siyasi iradəsinin, diplomatik mövqeyinin, milli həmrəyliyinin və Silahlı Qüvvələrimizin qüdrətinin mühüm tarixi nəticəsidir.
Şuşanın azad olunması ilə Azərbaycan yalnız öz gözəl şəhərinə qovuşmadı, həm də milli mədəniyyətimizin, musiqimizin və mənəvi kimliyimizin ayrılmaz parçasını yenidən öz qoynuna aldı. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, tarixi torpaqlarımızda həyatın yenidən canlanması, mədəniyyət ocaqlarının, şəhər və kəndlərin bərpası Zəfərin quruculuq və inkişaf mərhələsini nümayiş etdirir.
Bir mədəniyyət və ictimaiyyət nümayəndəsi kimi, mənim üçün bu tarixi hadisələrin xüsusi mənəvi əhəmiyyəti var. Çünki Azərbaycan mədəniyyəti, musiqisi, dili və milli ənənələri xalqımızın dünyada tanıdılmasının ən mühüm vasitələrindəndir. İnanıram ki, Şuşanın mədəniyyət paytaxtı kimi dirçəldilməsi, Qarabağda musiqi və incəsənət ənənələrinin yenidən canlandırılması Azərbaycanın milli-mədəni irsinin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayacaqdır.
İrlandiyada həyata keçirdiyimiz mədəni, ictimai və maarifləndirici fəaliyyətlərdə Azərbaycanın adını, tarixini, zəngin mədəniyyətini və dövlətçilik dəyərlərini layiqincə təmsil etməyi özümüzə mənəvi borc hesab edirik.
Rəhbərlik etdiyim Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyası, təsisçisi olduğum “Ashraf & Anna” Musiqi Məktəbi və beynəlxalq musiqi platformalarında gördüyümüz işlər bu missiyanın müxtəlif istiqamətləridir. Bununla yanaşı, ictimai və mədəni fəaliyyətim çərçivəsində Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin xaricdə tanıdılmasına və Azərbaycanla İrlandiya arasında qarşılıqlı anlaşma və əlaqələrin inkişafına töhfə verməyə çalışıram.
Mənim üçün Zəfər Gününün ən mühüm mesajlarından biri budur: Vətən yalnız sərhədlərlə deyil, onun dili, mədəniyyəti, tarixi, musiqisi və milli ruhu ilə yaşayır. Bu dəyərləri qorumaq və dünyanın müxtəlif ölkələrində tanıtmaq hər bir azərbaycanlının məsuliyyətidir.
Bu əlamətdar gündə Vətənimizin müdafiəsi uğrunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə, veteranlarımıza və onların ailələrinə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqının Zəfər tarixində onların qəhrəmanlığı və fədakarlığı əbədi yaşayacaqdır.
Hörmətli cənab Prezident!
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Qoy Azərbaycanın üçrəngli bayrağı daim yüksəklərdə dalğalansın, Qarabağda və Şərqi Zəngəzurda həyat, quruculuq və inkişaf davam etsin! Qoy Şuşadan yüksələn Azərbaycan musiqisi və mədəniyyətimizin səsi dünyanın hər bir guşəsində eşidilsin!
Zəfərimiz tariximiz, birliyimiz gücümüz, mədəniyyətimiz dünyaya açılan qapımızdır!
Yaşasın müstəqil və suveren Azərbaycan!
Yaşasın Azərbaycan xalqının Zəfər ruhu!
Darin hörmət və ehtiramla,
Əşrəf Tağıyev
İrlandiyada fəaliyyət göstərən Azərbaycan-İrlandiya Mədəniyyət Assosiasiyasının sədri, “Ashraf & Anna” Musiqi Məktəbinin təsisçisi və rəhbəri, İrlandiyada Azərbaycanın ictimai-mədəniyyət xadimi