Bakı vaxtı ilə saat 21:36-ya olan məlumata görə, geniş bazarı əhatə edən S&P 500 indeksi 0,47%, texnologiya şirkətlərinin səhmlərini əhatə edən Nasdaq indeksi isə 0,99% yüksəlib. Dow Jones indeksi isə 0,45% geriləyib.
Nasdaq 100 indeksi əvvəlki gün korreksiya zonasına daxil olduqdan sonra itkilərinin bir hissəsini bərpa edərək 0,8% artıb. İstisna Apple Inc. şirkətinin səhmləri olub. Şirkətin açıqladığı ziddiyyətli proqnozlardan sonra onun səhmləri 2,1% ucuzlaşıb. Cboe volatillik indeksi (VIX) təxminən 20,71 səviyyəsində qərarlaşıb.
Bloomberg qeyd edir ki, seçkilər onsuz da mürəkkəb olan bazar vəziyyətinə əlavə qeyri-müəyyənlik gətirir. Polymarket platformasının məlumatlarına görə, Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ keçirmə ehtimalı təxminən 95%, Senata nəzarəti əldə etmə ehtimalı isə 77% qiymətləndirilir. Bu göstəricilər demokratların Konqresin hər iki palatasında qələbə qazana biləcəyinə işarə edir. İctimai rəy sorğularının nəticələri ilə proqnoz bazarlarındakı gözləntilər arasındakı fərq səsvermənin nəticələrinə hazırlaşan investorların xüsusi diqqətini cəlb edib.
Bununla belə, tarixi göstəricilərə əsasən, aralıq seçkilərdən sonra fond bazarı adətən yüksəliş nümayiş etdirir. Morgan Stanley-nin məlumatlarına görə, 1982-ci ildən bəri aralıq seçkilərdən sonrakı altı ay ərzində iri kapitallaşmaya malik şirkətlərin səhmləri orta hesabla 15% (bazar kapitallaşması nəzərə alınmaqla hesablandıqda) və ya 16% (bərabər çəkili hesablama əsasında) bahalaşıb. Seçkilərdən sonrakı bir il ərzində isə hər iki göstərici təxminən 22% artıb.
UBS Securities ekspertlərinin fikrincə, ABŞ səhmləri ilin sonuna qədər bərpa oluna bilər. Əlverişli mövsümi amillər və hedc fondlarının bazardakı mövqelərinin aşağı səviyyədə olması aralıq seçkilərdən sonra mümkün yüksəliş üçün zəmin yaradır.
Bununla belə, investorların bazardakı mövqeləri ehtiyatlılığın artdığını göstərir. Citigroup strateqlərinin məlumatlarına görə, ötən həftə investorlar S&P 500 indeksi üzrə fyuçerslərdə 9,6 milyard dollar həcmində yeni qısa mövqelər açıblar. Nəticədə ümumi mövqelərin strukturu neytral səviyyəyə yaxınlaşıb. Oxşar tendensiya Nasdaq indeksi üzrə fyuçerslərdə də müşahidə olunur. Eyni zamanda Russell 2000 indeksi üzrə fyuçerslərdə vəziyyət yaxşılaşıb. Bu, əsasən qısa mövqelərin bağlanması hesabına baş verib. Citi analitiklərinin fikrincə, həmin tendensiya investorların kiçik kapitallaşmaya malik şirkətlərin səhmlərinə münasibətdə pessimizminin azaldığını göstərir.