Tramp seçkiləri uduzdu

ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyası üstünlük əldə edib. İlkin nəticələrə əsasən, demokratlar Senatda nəzarəti ələ keçirib, Nümayəndələr Palatasında isə çoxluğu qazanmağa yaxındırlar.

“Associated Press” agentliyinin Bakı vaxtı ilə saat 09:10-a olan proqnozuna görə, demokratlar Senatda 52, respublikaçılar isə 40 yer qazanıblar. Daha 8 yer üzrə nəticələr hələ müəyyənləşməyib. Senatda çoxluğu təmin etmək üçün minimum 51 mandat tələb olunur.

Demokratlar Corciya, Şimali Karolina, Nyu-Hempşir, Cənubi Karolina, Nyu-Cersi, Massaçusets, Rod-Aylend, İllinoys, Delaver, Nyu-Meksiko, Kolorado, Virciniya, Texas, Oreqon, Ohayo, Kanzas, Ayova və Minnesota ştatlarında qələbə qazanıblar.

Respublikaçılar isə Florida, Qərbi Virciniya, Vayominq, Kentukki, Oklahoma, Arkanzas, Alabama, Tennessi və Cənubi Dakota ştatlarında qalib gəliblər.

AP-nin məlumatına görə, demokratlar Senatda respublikaçılardan dörd yeri alaraq nəzarəti ələ keçiriblər. Onların uğuru ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatları da əhatə edib. Belə ki, Kanzasda, Texasda son 30 ildə ilk dəfə, Cənubi Karolinada isə son 28 ildə ilk dəfə demokrat senatorlar seçilib.

Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər. Daha 128 yer üzrə nəticələr müəyyənləşməlidir.

Palatada çoxluğu təmin etmək üçün 218 mandat qazanmaq lazımdır.

Demokratlar Şimali Karolina və Kentukki də daxil olmaqla, altı seçki dairəsində respublikaçılardan mandatları geri alıblar. Eyni zamanda, rəqabətin gərgin olduğu bir sıra dairələrdə mövqelərini qoruyublar.

Bloomberg-in proqnozuna görə, demokratlar ümumilikdə səkkiz mandat əldə edə bilərlər. Bu isə Nümayəndələr Palatasında nəzarəti ələ keçirmək üçün onlara lazım olan saydan iki dəfə çoxdur.

ABŞ-da qubernator seçkilərində də Demokratlar Partiyası üstün mövqedədir.

İlkin nəticələrə əsasən, demokratlar 24 qubernator postu qazanıblar. Bu ştatlar arasında Massaçusets, Pensilvaniya, Merilend, İllinoys, Rod-Aylend, Kolorado, Nyu-York, Konnektikut, Corciya, Ohayo, Kaliforniya, Texas, Ayova, Viskonsin, Men, Havay və Minnesota yer alır.

Respublikaçılar isə 13 ştatda qubernator postunu əldə ediblər. Onların qalib gəldiyi ərazilər arasında Vayominq, Florida, Arkanzas, Oklahoma və Cənubi Dakota var. Respublikaçılar, həmçinin Quam adasında 2014-cü ildən bəri ilk dəfə qubernator seçkilərində qələbə qazanıblar.

Daha 13 ştatda qubernator seçkilərinin nəticələri hələ açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i və Nümayəndələr Palatasının bütün 435 üzvü seçilir. Seçkilərdən əvvəl Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edirdi.