Noyabrın 5-də Ağ Evdə nə baş verəcək?

ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Alyoşkidə həyata keçirilən son humanitar əməliyyatla bağlı çıxış etməyi planlaşdırır.

O, Rusiya və Ukrayna nümayəndələrini Ağ Evə dəvət edib. Bu barədə ABŞ prezidentinin həyat yoldaşının ofisi məlumat yayıb.

“Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini şəxsən Ağ Evdə bir araya gətirəcək”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ-nin birinci xanımı noyabrın 5-də Ağ Evdə Alyoşkidə atəşkəsin təmin olunması və həyata keçirilən humanitar əməliyyatla bağlı çıxış edəcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 27-də Rusiya ordusu Xerson istiqamətində, Alyoşki şəhəri ətrafında humanitar əməliyyatın hazırlanması ilə əlaqədar atəşi dayandırıb və müvəqqəti sakitlik rejimi tətbiq edib.

Alyoşki sakinləri xüsusi humanitar dəhliz vasitəsilə təşkil olunmuş karvanla ərazidən təxliyə ediliblər. Əməliyyatda Rusiya və Ukrayna parlamentlərinin insan hüquqları üzrə müvəkkilləri iştirak ediblər.

Oktyabrın 30-da axşam saatlarında Rusiyanın ombudsmanı Yana Lantratova Alyoşkidə humanitar missiyanın başa çatdığını açıqlayıb.