Samux, 3 noyabr, AZƏRTAC Samuxda yeniyetmə və gənclərin iştirakı ilə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Vətən Müharibəsi Qəhrəmanı” xüsusi fərqlənmə nişanı ilə təltif olunmuş Əli Hüseynov və ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Aydın Şıxalıyev keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edərək, döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Vurğulanıb ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Vətən müharibəsinin qəhrəmanları döyüşlərə qatıldıqları ilk günlərdən etibarən qarşıya qoyulan tapşırıqların lazımınca yerinə yetirilməsi, silahdaşları ilə çiyin-çiyinə apardıqları mübarizə və tarixi Zəfərə gedən yol barədə ətraflı danışıblar. Vətənə sevgi və sədaqətin, milli-mənəvi dəyərlərə hörmətin əhəmiyyətini xüsusi vurğulayan qonaqlar yetişən nəslin nümayəndələrinə ölkəmizin əldə etdiyi şanlı Zəfərin mahiyyətini dərindən öyrənməyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını daim ehtiramla yad etməyi tövsiyə ediblər.Görüş iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb. Müxbir – Vüsalə Cənnətova