Bakı, 3 noyabr, AZƏRTAC XIX əsrin ilk üçdəbirində Azərbaycanda istehsal olunan çaxmaqlı tüfənglər uzaq məsafədən atəş açmaq və yüksək dəqiqliklə hədəfi vurmaq xüsusiyyətləri ilə seçilirdi. Tarixi sənədlərə əsasən, bəzi nümunələr 25-40 metr məsafədən 3 millimetr qalınlığında polad lövhəni deşə bilirdi. Həmin dövrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub.Bunu AZƏRTAC-ın müxbirinə Azərbaycan Milli Elmlər Akademiyasının Süni intellekt, rəqəmsal tarix və etnologiya şöbəsinin elmi işçisi, Tarix və Etnologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Ayxan Mehdizadə deyib.Onun sözlərinə görə, XIX əsrdə Azərbaycanda silah istehsalının öyrənilməsi təkcə əsas istehsal mərkəzlərini müəyyənləşdirməyə deyil, həm də yerli silahların texniki xüsusiyyətlərini, növlərini və yayılma arealını izləməyə imkan verir. Cənubi Qafqazda imperiya qoşunlarının irəlilədiyi dövrdə tərtib edilmiş hərbi hesabatlar, silahların müsadirə olunmasına dair aktlar və digər arxiv sənədləri bu araşdırmada mühüm əhəmiyyət daşıyır.Bu sahədə mühüm mənbələrdən biri 1866-1904-cü illərdə nəşr olunmuş 12 cildlik “Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanmış aktlar” toplusudur. Burada rəsmi hərbi yazışmalar, müsadirə edilmiş silahlar barədə məlumatlar və ələ keçirilmiş əşyaların siyahıları yer alır. Bu mövzuya dair materiallar Rusiya Dövlət Hərbi-Tarix Arxivində, xüsusilə Qafqaz Ordusunun qərargahı ilə əlaqəli 446 nömrəli fondda, eləcə də Gürcüstanın Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.Əlavə məlumatlara XIX əsrin dövri nəşrlərində, xüsusilə “Tiflisskiye vedomosti” və “Kavkaz” qəzetlərində, həmçinin P.Butkov və N.Dubrovinin tarixi əsərlərində rast gəlmək mümkündür.A.Mehdizadə qeyd edib ki, arxiv materialları yalnız odlu silahları deyil, digər silah növlərini də öyrənməyə imkan verir. Sənədlərdə Azərbaycan şəmşirləri, qalxanlar, döyüş baltaları və digər silah nümunələri haqqında məlumatlar yer alır. Arxiv təsvirlərini günümüzədək qorunub saxlanılan əşyalarla müqayisə etmək imkanı xüsusi maraq doğurur. Belə ki, İbrahimxəlil xanın altıhissəli toppuzunun arxivlərdəki təsviri hazırda Azərbaycan Milli Tarix Muzeyinin fondlarında saxlanılan nümunəyə uyğun gəlir. Bu isə arxiv məlumatlarının maddi sübutlarla təsdiqlənməsinə imkan verir.Bununla yanaşı, tədqiqatçı silah ustaları haqqında məlumatların fraqmentlər halında qorunub saxlanıldığına diqqət çəkib. Sənədlərdə yerli istehsalla bağlı ayrı-ayrı məlumatlara rast gəlinsə də, ustaların sistemli uçotu aparılmayıb. Bundan əlavə, arxiv materiallarını araşdırarkən onların mənşə xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, bəzi müəlliflər yerli silah istehsalını qərəzli şəkildə qiymətləndirib, bəzi silah növlərinin adları isə rus hərbi terminologiyasına uyğunlaşdırılarkən təhrifə məruz qalmış ola bilər.A.Mehdizadənin fikrincə, Azərbaycanda silah istehsalının tarixini daha dolğun bərpa etmək üçün müxtəlif mənbələrdəki məlumatları qarşılıqlı müqayisə etmək lazımdır. Rusiya sənədləri ilə yanaşı, Osmanlı və İran mənbələri, Gürcüstan arxivlərinin materialları və yerli xanlıqların salnamələri də mühüm əhəmiyyət daşıyır. Bu mənbələrin müqayisəli şəkildə öyrənilməsi XIX əsrdə Azərbaycanda silah istehsalının, yayılmasının və istifadəsinin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə, həmçinin yerli silah ustalığının texniki və bədii səviyyəsini üzə çıxarmağa imkan verəcək. Müxbir – Lalə Minasazova