Melaniya Trampla görüşdə Rusiya və Ukraynanı təmsil edəcək şəxslərin adları AÇIQLANDI

ABŞ-nin birinci xanımı Melaniya Trampla görüşdə Ukraynanı Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və ombudsman Dmitri Lubinets, Rusiyanı isə ombudsman Yana Lantratova və Kirill Dmitriyev təmsil edəcək.

Bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda keçiriləcək görüşdə Ukrayna tərəfdən David Araxamiya və Dmitri Lubinets, Rusiya tərəfdən isə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ombudsman Yana Lantratova iştirak edəcək.

Xatırladaq ki, noyabrın 3-də Ağ Ev Melaniya Trampın Rusiya və Ukrayna nümayəndələrini şəxsən qəbul edəcəyini açıqlayıb. Görüş noyabrın 5-də, cümə axşamı, Şərq vaxtı ilə saat 11:00-da keçiriləcək. Birinci xanım həmçinin Alyoşkidə atəşkəsin təmin olunması ilə bağlı çıxış edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl görüşdə Rusiyanı kimin təmsil edəcəyinin hələ məlum olmadığını bildirmişdi.

Qeyd edək ki, Xerson vilayətinin Alyoşki şəhərində humanitar missiya 2026-cı il oktyabrın 27-dən noyabrın 1-dək davam edib. Şəhərə humanitar yardım çatdırılıb, təxliyə olunmaq istəyənlər isə Rusiyaya və ya Ukraynaya aparılıb.

Peskov Kremlin Alyoşkidəki missiyanın uğurla həyata keçirildiyini qeyd edib. Yana Lantratova isə Rusiya və Ukraynanın şəhərdə mütəmadi humanitar missiyalar keçirmək barədə razılığa gəldiyini açıqlayıb.