İçməli su xərçəng riski yaradırmış - ÜST-ə ÇAĞIRIŞ

Dünyanın 85 səhiyyə və ətraf mühit təşkilatı Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) içməli suda nitratın miqdarı ilə bağlı mövcud standartlara yenidən baxmağa çağırıb.

Xarici mediaya istinadən, “Greenpeace International” və Ümumdünya Ailə Həkimləri Təşkilatının (WONCA) da daxil olduğu qurumlar ÜST-yə açıq məktub ünvanlayıblar.

Təşkilatlar bildiriblər ki, içməli suda nitratın icazə verilən miqdarı ilə bağlı 1958-ci ildə müəyyən edilmiş normalar köhnəlib və son elmi araşdırmaların nəticələrini əks etdirmir. Mütəxəssislərin sözlərinə görə, əsasən intensiv kənd təsərrüfatı fəaliyyəti nəticəsində ətraf mühitə yayılan nitratlar xüsusilə uşaqlar və hamilə qadınlar üçün təhlükə yarada bilər. Araşdırmalar içməli suda nitratın mövcud icazə verilən həddən aşağı səviyyədə olmasının belə bağırsaq xərçəngi və vaxtından əvvəl doğuş riskinin artması ilə əlaqəli ola biləcəyini göstərir.

Ümumdünya Ailə Həkimləri Təşkilatının sədri Pratyuş Kumar da bu risklərə diqqət çəkərək içməli su standartlarının yeni elmi sübutlar əsasında yenilənməsinin vacibliyini vurğulayıb.