Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir bu barədə Azərbaycan Ordusunda keçirilən kompüter dəstəkli komanda-qərargah təlimində bildirib.
Məlumata görə, Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.
Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.
Müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.