“Bu gün miqrasiya sahəsində islahatlar gedir, yeniliklər var və hər bir yenilik də dünya standartlarına uyğunlaşmaya xidmət edir. Eyni zamanda nəzərdən qaçırmamalıyıq ki, miqrasiya indi dünyada ən təhlükəli məqamlardan biridir. Ayrı-ayrı adlar altında müxtəlif şəxslərin digər ölkələrə casusluq fəaliyyəti ilə göndərilməsi də məhz miqrasiya çərçivəsində həyata keçirilir”.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin noyabrın 3-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə təklid olunan dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda din, elm, kitab satmaq pərdəsi altında göndərilən, lakin burada antidövlət fəaliyyəti ilə məşğul olan, qruplar yaradan, dövlətin əleyhinə müxtəlif cinayətlər planlaşdıran şəxslər olub.
Bu baxımdan S.Novruzov hesab edir ki, miqrasiya ilə bağlı tək bu qanunda deyil, bütövlükdə qanunvericilikdə ciddi şəkildə dəyişikliklər olmalıdır:
“Onların yoxlanılma, burada qalma prosesi və digərləri nəzərə alınmalıdır. Dəyişiklik layihəsində göstərilib ki, Azərbaycana investisiya qoyanlar və yaxud da ki, burada yatırımı, rezidentləri olanlar gəlib fəaliyyətlərini davam etdirə bilərlər.
Amma məsələyə digər tərəfdən baxsaq, iri dövlətlər üçün 5-6, hətta 10-20 rezident yaratmaq çox asandır. Məsələn, burada 500 min manat o qədər də böyük vəsait deyil. Həmin dövlətlərin elə imkanları var ki, bu məbləğdən on dəfə artıq vəsait yatıraraq öz rezidentlərini ölkəmizdə yerləşdirə və onların vasitəsilə antidövlət fəaliyyəti həyata keçirə bilərlər. O baxımdan, cənab Prezidentin YAP-ın qurultayında və sonrakı çıxışlarında qeyd etdiyi kimi, biz ayıq-sayıq olmalı, bu məsələlərə diqqətlə yanaşmalıyıq. Ölkəmizə mütəxəssis adı altında gələn şəxslərin həqiqətən də mütəxəssis olmasına diqqət yetirməliyik. Əlbəttə, onların gəlməsi, fəaliyyət göstərməsi və burada yeni-yeni mütəxəssislər yetişdirməsi vacibdir. Lakin kimlərinsə başqa məqsədlərlə, başqa adlar altında ölkəmizə gəlib burada fəaliyyət göstərməsinə ehtiyacımız yoxdur”.