2026-cı ilin üçüncü rübündə Azərbaycanda 2 milyard 274 milyon 953 min kubmetr təbii qaz istehlak olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,73% azdır. 2025-ci ilin üçüncü rübündə 2 milyard 439 milyon 69 min kubmetr qaz istehlak edilmişdi.
İstehlakın bir il ərzində 6,73 faiz azalması nə ilə bağlıdır: əhali daha az qaz işlədib? Enerjiyə qənaət artıb, yoxsa sənayedə istehlak azalıb?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a deyib ki, təbii qaz istehlakının həcminin aşağı düşməsinin əhali kateqoriyası ilə əlaqəli olduğunu düşünmür: “Hesab etmirəm ki, əhali kateqoriyasına aid abonentlər istehlakı azaldıblar. Çünki hər il təxminən 60 min yeni qaz abonenti dövriyyəyə daxil olur və təbii ki, bu abonentlər də qaz işlədir.
Qaz istehlakının azalmasının iki əsas səbəbi var. Birincisi iqlim amilidir. Payız fəslidir, amma hava mülayim keçir. Yay da mülayim keçdi. Hava mülayim olanda isə insanlar elektrik enerjisindən daha az istifadə edir. Elektrik enerjisi istehlakı azalırsa, deməli, onun istilik elektrik stansiyalarında istehsalı üçün lazım olan qazdan istifadə də azalır. Yəni istilik elektrik stansiyalarında daha az qaz yandırmalı olurlar. Azərbaycanda ən böyük qaz istehlakçısı enerji sektoru, istilik elektrik stansiyalarıdır.
İkinci səbəb isə yaşıl enerjinin payının artmasıdır. Bu ilin doqquz ayının yekunlarına əsasən, Azərbaycan təxminən 1,4 milyard kilovat-saat yaşıl enerji əldə edib. Yaşıl enerjinin payı artdıqca ölkədə qaz istehlakı da azalacaq”.
Açıqlamasında İlham Şaban bir məsələyə də toxunub: “Qaz istehlakındakı azalmanın əsas səbəblərindən biri kimi istilik elektrik stansiyalarında qaz istehlakının azaldığını göstərdim. Qaza qənaət olunubsa, müvafiq qurumlar, xüsusilə “Azərenerji” niyə bunu cəmiyyətlə bölüşmür? Açıqlasınlar ki, filan dövrdə elektrik enerjisi almaq üçün daha az qaz işlətmişik. Məgər bunu bəyan etsələr hansısa kommersiya sirri ifşa olunacaq? Energetika Nazirliyi, Dövlət Neft Şirkəti də rüblük hesabatlarında istilik elektrik stansiyalarına nə qədər qaz verildiyini açıqlamır. Təəssüf ki, vəziyyət belədir, ona görə də müəyyən qədər fərziyyələrlə danışmaq lazım gəlir”.