Sahibə Qafarova: “Prezidentin bu layihəsi də uğurla başa çatdırılacaq”

“44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti dörd fundamental anlayışla ifadə edilə bilər: ədalət, dövlətçilik, hüquq və quruculuq”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanatın müzakirəsi zamanı deyib.

“Ədalət anlayış odur ki, torpaqlarımızın otuz illik işğalına son qoyulub. 8 Noyabr zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açıb.

2023-cü ilin sentyabr ayında keçirilən birgünlük anti-terror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub.

Dövlətçilik haqqında danışarkən qeyd edilməlidir ki, qələbə Ulu Öndər Heydər Əliyev tərəfindən əsaslı qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanuna uyğun yekunu olub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapmışdır. 8 Noyabr zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub.

Quruculuq anlayışına gəlincə, hörmətli deputatlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, “Böyük Qayıdış” proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir”, - o bildirib.

S.Qafarova əlavə edib ki, böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb:

“Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl səyləri regionda təhlükəsizlik arxitekturasının qurulmasına və məhkəməçilik imkanlarının reallaşdırılmasına yönəlib. Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin bütün layihələri kimi bu layihə də uğurla başa çatdırılacaq. Azərbaycanın tarixi zəfəri bəxş etmiş Müzəffər Ali Baş Komandanına, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək”.