“Jurnalistlərin təhlükəsizliyi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac var” – ŞƏRH

Hadisə yerlərindən operativ və obyektiv məlumatların ictimaiyyətə çatdırılması jurnalistlərin peşə fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Lakin çəkiliş və informasiya toplama prosesində media nümayəndələrinin təzyiq və fiziki müdaxilələrlə üzləşməsi onların fəaliyyətinə mane olmaqla yanaşı, cəmiyyətin informasiya əldə etmək hüququna da təsir göstərir. Azərbaycanda jurnalistlərə qarşı baş verən bu cür insidentlər hadisə yerində media əməkdaşlarının təhlükəsizliyinin qorunması, hüquqi təminatların gücləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında jurnalist Kənan Novruzov bildirib ki, son günlər jurnalistlərə qarşı baş verən hücumlar ilk belə hadisə deyil:

“APA TV-nin əməkdaşına hücumdan əvvəl REAL TV-nin əməkdaşının məişət zəminində hücuma məruz qalması, eləcə də zaman-zaman bu kimi oxşar halların təkrarlanması narahatlıq doğurur.

Jurnalistlərin hadisə yerindən informasiya əldə etmək, onu toplamaq, saxlamaq, emal etmək və ötürmək hüququ var. Bu, onların birbaşa peşə fəaliyyətidir. Jurnalistlər öz peşə öhdəliklərini yerinə yetirərkən heç bir maneə ilə qarşılaşmamalıdırlar. Çünki bu prosesə müdaxilə informasiyanın əldə olunması, saxlanması, emalı və ötürülməsində çətinliklər yaradır, dolayısı ilə informasiya təhlükəsizliyinin pozulması riskini artırır.

Bu baxımdan, jurnalistlər belə situasiyalarda soyuqqanlı davranmalı, informasiya təhlükəsizliyinə xələl gəlməsinə imkan verməməli, məlumatların mümkün qədər obyektiv və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etməlidirlər.

Lakin bəzən elə vəziyyətlər yaranır ki, jurnalistin seçim etmək imkanı olmur. İstər REAL TV-nin əməkdaşına çoxsaylı şəxslərin hücumunu, istərsə də APA TV-nin əməkdaşına qarşı baş verən insidenti və digər daha ciddi halları buna nümunə göstərmək olar.

Ümumiyyətlə, dünyada peşə fəaliyyətini yerinə yetirdiyinə görə həyatını itirən jurnalistlərin sayı kifayət qədər çoxdur. Yanılmıramsa, bu göstəriciyə görə jurnalistlər ən təhlükəli peşə sahibləri sırasında ilk yerlərdə qərarlaşırlar. Bu baxımdan, həm dünyada, həm də Azərbaycanda jurnalistlərin təhlükəsizliyinin təmin olunması məsələsi xüsusi aktuallıq kəsb edir.

Hesab edirəm ki, Milli Məclisin müvafiq komitəsində bu məsələlər müzakirə olunmalı, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyə əlavə müddəalar hazırlanmalıdır.

Xüsusilə indiki dövrdə operativliyin ön plana çıxdığı, auditoriyanın diqqətini cəlb etməyin vacib olduğu və ənənəvi ofis jurnalistikasının əvvəlki mövqeyini itirdiyi bir şəraitdə jurnalistlər daha çox hadisə yerlərində fəaliyyət göstərməli olurlar. Jurnalistlərin hadisə yerlərində iştirakının artması isə onlara qarşı hücum və təzyiq riskini də yüksəldə bilər.

Bu baxımdan, belə halların qarşısının alınması üçün müvafiq addımların atılması vacibdir. Düşünürəm ki, jurnalistlər üçün müəyyən əlavə təminatlar nəzərdə tutula, eyni zamanda, onların təhlükəli situasiyalarda davranış qaydalarına dair xüsusi təlimlər təşkil edilə bilər.

Yeri gəlmişkən, hazırda bəzi universitetlərdə, o cümlədən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Konflikt jurnalistikası” fənni tədris olunur. Lakin bu fənn qeyd olunan məsələlərin hamısını əhatə etmir və burada nəzərə alınmalı başqa məqamlar da var.

Bütün hallarda jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri hesab edirəm”.

//Gülnarə Abasova,Editor.az