ABŞ-də bu gün Konqresin hər iki palatası üzrə aralıq seçkilər keçirilir. Seçicilər Nümayəndələr Palatasının 435 üzvünü, yəni hamısını, Senatın isə 35 üzvünü seçəcəklər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri də keçiriləcək.
Prezident Donald Tramp üçün mühüm sınaq hesab olunan seçkilərdə Respublikaçılar Konqresdəki çoxluğunu qorumağa, Demokratlar isə nəzarəti ələ keçirməyə çalışırlar.
Seçkilərin nəticələri ilə bağlı dörd əsas ssenari nəzərdən keçirilir: Respublikaçılar hər iki palatada çoxluğu qoruyur və Tramp administrasiyasının qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanları genişlənir. Demokratlar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçirir. Bu halda Tramp administrasiyasına Konqres nəzarəti güclənə bilər. Demokratlar Nümayəndələr Palatasında, Respublikaçılar isə Senatda çoxluğu saxlayır.
Demokratlar administrasiya ilə bağlı araşdırmalar başlada və impiçment prosesinə təşəbbüs göstərə bilərlər. Senata Demokratlar, Nümayəndələr Palatasına isə Respublikaçılar nəzarət edir. Bu halda prezidentin kadr təyinatlarının təsdiqlənməsi çətinləşə bilər.
Seçkilər ərəfəsində keçirilən rəy sorğularında Demokrat namizədlər Respublikaçı rəqiblərini 6–11 faiz bəndi qabaqlayırlar. Bununla belə, sorğuların mümkün xəta payı və mühafizəkar seçicilərin iştirak səviyyəsi nəticələrə təsir göstərəcək.
Avropalı NATO müttəfiqləri isə Respublikaçıların mümkün məğlubiyyətindən sonra Trampın xarici siyasətdə daha sərt addımlar ata biləcəyindən narahatdırlar. ABŞ-nin Avropadakı hərbi mövcudluğunun azaldılması, NATO-ya maliyyə töhfəsinin ixtisarı və Ukraynaya silah tədarükünün məhdudlaşdırılması mümkün risklər sırasında göstərilir.
Seçkilərin nəticələri Trampın prezidentlik müddətinin qalan iki ilində ABŞ-nin daxili və xarici siyasətinə təsir göstərəcək.