Zülfüqar Hüseynzadənin yadigarı – Moderator.az 14 yaşında │MÜSAHİBƏ

Azərbaycanın internet media məkanında özünəməxsus yer tutan Moderator.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür.

2012-ci il noyabrın 1-də tanınmış jurnalist Zülfüqar Hüseynzadə tərəfindən əsası qoyulan portal bu gün də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını ardıcıl şəkildə işıqlandırır, aktual məsələləri ictimai müzakirəyə çıxararaq informasiya gündəminin formalaşmasında fəal iştirak edir.

Oxu24.com Moderator.az-ın 14 illiyi münasibətilə portalın direktoru Əli Hüseynli ilə həmsöhbət olub. Müsahibədə saytın yaranma tarixi, keçdiyi inkişaf yolu, təsisçisi, mərhum jurnalist Zülfüqar Hüseynzadənin peşəkar irsi, eləcə də portalın gələcək fəaliyyət istiqamətləri və yeni layihələri barədə danışılıb.

Artıq 12 ildir Moderator.az-da çalışan Əli Hüseynli portalın inkişafında yaxından iştirak edib, onun fəaliyyətinin mühüm mərhələlərinin şahidi olub.

– Moderator.az-ın 14 illik fəaliyyət yolunu və Azərbaycan mediasındakı mövqeyini necə qiymətləndirirsiniz? Portalın əsas fərqləndirici xüsusiyyətləri nələrdir?

– Moderator.az fəaliyyətə başladığı ilk gündən operativ informasiya yaymağı, cəmiyyəti düşündürən məsələləri gündəmə gətirməyi, fərqli mövqeləri təqdim etməyi və ictimai müzakirələri təşviq etməyi əsas prinsipləri kimi müəyyənləşdirib.

Qarabağ münaqişəsi, Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, şəhid ailələri və qazilərlə bağlı məsələlər daim diqqət mərkəzimizdə olub. Müharibə və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyinə töhfə vermək fəaliyyətimizin əsas prioritetləri sırasında yer alıb.

Hazırda Moderator.az Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Portal 2022-ci il noyabrın 1-də, fəaliyyətinin 10-cu ildönümündə Media Reyestrinə daxil edilib.

Sonrakı illərdə Moderator.az media sahəsinə cavabdeh dövlət qurumunun onlayn media subyektləri üçün keçirdiyi müsabiqələrin qalibləri sırasında yer alıb və media dəstəyi proqramlarında iştirak edib.

Bütün bunları 14 illik fəaliyyətimizin mühüm nəticələri hesab edirəm. Lakin bizim üçün ən böyük dəyər illər ərzində oxucularımızla qurduğumuz etimad münasibətidir.

– Moderator.az-ın fəaliyyətə başlamasından 14 il ötür. Siz isə artıq 12 ildir bu kollektivin üzvüsünüz. Sayta gəlişiniz və Zülfüqar Hüseynzadə ilə birgə fəaliyyətiniz necə başladı?

– Əvvəlcə qeyd edim ki, Zülfüqar Hüseynzadə mənim dayımdır. Moderator.az-da fəaliyyətə 12 il əvvəl başlamışam. Həmin dövrdə Zülfüqar müəllim kifayət qədər çətin və gərgin günlər yaşayırdı. Saytın həmtəsisçilərindən biri olan jurnalist Pərviz Həşimli həbs olunmuş, Moderator.az-a qarşı təzyiq və təqiblər başlamışdı. Baş verənləri aydınlaşdırmaq, yaranmış vəziyyətdən çıxış yolu tapmaq heç də asan deyildi. Ümid işığının çox zəif göründüyü, jurnalistin özünü və qələmini qorumasının belə böyük cəsarət tələb etdiyi bir dövr idi.

Belə bir şəraitdə Zülfüqar Hüseynzadə mübarizədən geri çəkilmək niyyətində deyildi. O, bütün məsuliyyəti öz üzərinə götürmüş, cəmi bir-iki nəfərlik kiçik komanda ilə böyük bir işin ağırlığını çiyinlərinə almışdı.

Mən həmin vaxt hərbi xidmətdən yenicə qayıtmışdım. Zülfüqar müəllim məni qarşısına oturdub söhbət etdi. Düzünü desəm, o zaman dediklərinin əhəmiyyətini və üzərimizə düşən məsuliyyətin miqyasını tam dərk etmirdim. Lakin sonralar günün böyük hissəsini onunla birlikdə keçirir, müxtəlif məsələləri müzakirə edir, işin incəliklərini öyrənirdim. Zaman keçdikcə bu fəaliyyətin nə qədər böyük məsuliyyət tələb etdiyini daha dərindən anlamağa başladım.

Zülfüqar müəllimlə işləmək çətin, eyni zamanda, son dərəcə maraqlı və öyrədici idi. Onun tələbkarlığı, hadisələrə yanaşması, jurnalistikaya münasibəti və prinsiplərindən geri çəkilməməsi mənim üçün əsl məktəb oldu. Zülfüqar Hüseynzadənin jurnalistika məktəbini keçmək mənə də nəsib oldu. Ondan öyrəndiyim dəyərlər bu gün də işimizin təşkilində və fəaliyyətimizin davam etdirilməsində əsas istiqamətverici prinsiplərdir.

– Maraqlıdır, Moderator.az adı necə yaranıb? Saytın adının seçilməsi ilə bağlı Zülfüqar müəllimin danışdığı hər hansı xatirə varmı?

– Bəli, Moderator.az adının seçilməsi də Zülfüqar müəllimin müşahidə qabiliyyətinin və hadisələrə fərqli yanaşmasının maraqlı nümunəsidir. Bir dəfə o, ABŞ-da seçkiqabağı kampaniya çərçivəsində keçirilən namizədlər debatında moderatorun fəaliyyətinə diqqət yetirir. Bu anlayış onda xüsusi maraq doğurur və elə həmin gecə yeni yaradılacaq saytın adını Moderator.az qoymağa qərar verir.

Zülfüqar müəllim bu əhvalatı söhbətlərimiz zamanı dəfələrlə danışmışdı. Beləcə, bu gün 14 yaşını qeyd edən Moderator.az-ın adı bir gecənin müşahidəsindən, jurnalistikaya fərqli baxışdan və Zülfüqar Hüseynzadənin yaradıcılıq təxəyyülündən doğub.

– Zülfüqar Hüseynzadənin yaratdığı media platforması bu gün də fəaliyyətini davam etdirir. Təsisçinin vəfatından sonra onun başladığı işi davam etdirmək, formalaşdırdığı peşəkar prinsiplərə sadiq qalmaq və eyni zamanda, yeni dövrün tələblərinə uyğun inkişaf etmək üzərinizə hansı məsuliyyəti qoyur? Bu yolda hansı dəyərləri dəyişməz saxlamağı vacib hesab edirsiniz?

– Təəssüf ki, artıq dördüncü ildir portalın yaranma gününü onun qurucusu, ideya müəllifi və baş redaktoru Zülfüqar Hüseynzadəsiz qeyd edirik. 2023-cü il iyunun 18-də dünyasını dəyişən Zülfüqar Hüseynzadə yaratdığı media qurumunun formalaşmasına və inkişafına ömrünün mühüm bir hissəsini həsr edib.

Moderator.az onun üçün sadəcə xəbər portalı deyil, jurnalistikaya baxışının, peşəkar fəaliyyətinin, zəhmətinin və illərlə qurduğu arzularının təcəssümü idi. O, portalın fəaliyyətə başladığı ilk gündən inkişafı, oxucu auditoriyasının genişlənməsi və informasiya məkanında tanınması üçün böyük əmək sərf edib.

Bu gün Moderator.az-ın tarixində onun imzası, əməyi və xatirəsi yaşayır. Zülfüqar Hüseynzadənin vəfatından sonra qarşımızda duran əsas vəzifələrdən biri başladığı işi davam etdirmək, yaratdığı jurnalistika ənənələrini qorumaq və bu platformanı yeni inkişaf mərhələsinə daşımaqdır.

Bu, həm də böyük mənəvi məsuliyyətdir. Çünki söhbət yalnız bir media qurumunun fəaliyyətini davam etdirməkdən deyil, həm də onun təməlində dayanan ideyaları, peşəkar prinsipləri və dəyərləri yaşatmaqdan gedir.

Təsisçinin oğlu Hüseyn Ələsgərov da bu yolun davam etdirilməsində və atasının adının yaşadılmasında mühüm rol oynayır.

Zülfüqar Hüseynzadənin xatirəsini yaşatmaq və jurnalistika irsini gələcək nəsillərə çatdırmaq məqsədilə Moderator.az tərəfindən onun adını daşıyan mükafat təsis edilib.

Artıq ənənə halını alan müsabiqənin əsas məqsədi jurnalistlərin peşəkar yaradıcılığını stimullaşdırmaq, istedadlı qələm sahiblərini üzə çıxarmaq, onların əməyini qiymətləndirmək, araşdırma və publisistika ənənələrini təşviq etməklə Azərbaycan milli jurnalistikasının inkişafına töhfə verməkdir.

– Moderator.az-ın 14 illik fəaliyyəti dövründə formalaşan oxucu auditoriyasını necə xarakterizə edərdiniz? Müasir dövrdə media qurumları üçün auditoriyanı qorumaq və genişləndirmək nə dərəcədə çətindir?

– Moderator.az heç vaxt oxucu qıtlığından əziyyət çəkən sayt olmayıb. Portal fəaliyyətinin ilk illərindən birbaşa saytımıza daxil olan istifadəçilər hesabına formalaşmış sabit oxucu auditoriyasına malik olub. Bununla yanaşı, müxtəlif sosial şəbəkə platformalarından səmərəli istifadə etməklə yeni oxucular cəlb etməyi də bacarmışıq. Hazırda yüz minlərlə izləyicisi olan sosial media hesablarımız fəal şəkildə fəaliyyət göstərir.

Lakin müasir dövrdə media qarşısında duran tələblər xeyli dəyişib. Artıq yalnız operativ xəbər verməklə və informasiyanı saytda yerləşdirməklə kifayətlənmək mümkün deyil. Jurnalistika rəqəmsal mühitin çağırışlarına uyğunlaşmalı, oxucuların dəyişən informasiya istehlakı vərdişlərini nəzərə almalıdır. Auditoriya ilə daim ünsiyyətdə olmaq, informasiyanı müxtəlif platformalara uyğun formatlarda təqdim etmək, videoməzmunun imkanlarından istifadə etmək və ən əsası, etibarlılığı qorumaq vacibdir.

Düşünürəm ki, bugünkü media üçün ən böyük sınaqlardan biri sürətlə yayılan informasiya axınında etibarlı mənbə olaraq qalmaqdır. Sürət naminə dəqiqlikdən, daha çox baxış toplamaq naminə isə jurnalistikanın peşəkar prinsiplərindən imtina etmək olmaz. Oxucuya yalnız xəbər çatdırmaq deyil, həm də baş verənləri düzgün anlamağa kömək etmək lazımdır.

– Müasir jurnalistikanın tələblərinə uyğunlaşmaq, oxucu auditoriyasının dəyişən maraqlarını qarşılamaq və rəqabət mühitində mövqeyinizi qorumaq üçün hansı addımları atırsınız?

– Hesab edirəm ki, media qurumu yalnız bugünkü tələblərə uyğunlaşmaqla kifayətlənməməli, həm də gələcəyin jurnalistikasına hazırlaşmalıdır. Bu baxımdan Moderator.az-da yeni inkişaf mərhələsinə keçmək üçün müəyyən addımlar atırıq.

Əsas istiqamətlərimizdən biri videojurnalistikanın inkişafıdır. Bu məqsədlə MOD TV layihəsi üzərində işləyirik. Məqsədimiz Moderator.az-ın informasiya imkanlarını internet televiziyası formatında genişləndirmək, ictimai-siyasi mövzulara dair müsahibələr, aktual müzakirələr və podkastlar hazırlamaqdır.

Artıq bu istiqamətdə texniki və təşkilati hazırlıq işləri aparırıq. Çəkiliş və montaj imkanlarımızı genişləndirir, studiya şəraiti yaradır, müasir videoistehsal texnologiyalarını tətbiq etməyə çalışırıq.

İstəyirik ki, Moderator.az yalnız yazılı xəbərlər yayımlayan platforma kimi deyil, müxtəlif formatlarda keyfiyyətli informasiya və analitik məzmun təqdim edən müasir media qurumu kimi inkişaf etsin. Bununla yanaşı, sosial şəbəkələrdəki mövcud auditoriyamızla əlaqələri daha da gücləndirmək, videoməzmun vasitəsilə yeni izləyicilər qazanmaq niyyətindəyik.

Əlbəttə, bütün bunların mərkəzində yenə də jurnalistikanın əsas prinsipləri dayanır. Texnologiyalar və təqdimat formaları dəyişə bilər, amma obyektivlik, dəqiqlik, operativlik və peşəkarlıq dəyişməz qalmalıdır.