Rusiyanın Ukraynanın Zaporojye rayonunun Kamışevaxa qəsəbəsindəki təhsil müəssisəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (FHX) "Telegram" kanalındakı məlumatında bildirilib.
Qeyd edilib ki, həlak olanlar arasında iki xilasedici və dörd polis də var. Həmçinin xəsarət alan beş nəfərdən ikisi xilasedicidir.
"Bu gün Zaporojye rayonu dəhşətli faciə yaşayıb. Biz iki həmkarımızı - Denis Konovalenko və Aleksey Suşevskini itirdik. Hər ikisinin 44 yaşı var idi, daha iki nəfər isə yaralanıb və hazırda xəstəxanadadır", - paylaşımda FHX-nin rəhbəri Andrey Danikin sözləri yer alıb.
Qurumun məlumatına görə, silsilə zərbələr nəticəsində idman zalı və təsərrüfat tikilisi dağıdılıb, məktəb binası zədələnib, yanğınsöndürmə-xilasetmə avtomobili məhv edilib.