“Rusiya hazırda sanksiyalar altındadır” – Politoloqdan Moskvanın TDT niyyətinə münasibət

Rusiya Türk Dövlətləri Təşkilatında (TDT) iştirak etmək ehtimalını gündəmə gətirib. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın təşkilatın fəaliyyətinə qoşulmasını məqsədəuyğun hesab etdiklərini bildirib. Onun açıqlaması Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Rusiyanın TDT-yə dəvət olunması təklifindən sonra Moskvanın bu məsələyə münasibətini ortaya qoyub.

Maraqlıdır, Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmaq niyyətini gündəmə gətirməsi hansı geosiyasi və strateji maraqlardan qaynaqlanır?

Moskvanın bu təşkilatda təmsil olunması TDT-nin gələcək fəaliyyətinə, türk dövlətləri arasındakı inteqrasiya proseslərinə və təşkilat daxilində güc balansına necə təsir göstərə bilər?

Bu addım türk dünyası ilə münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək, yoxsa Rusiyanın təşkilatın siyasi gündəminə təsir imkanlarını artırmaq cəhdi kimi qiymətləndirilməlidir?

Mövzu ilə əlaqədar Moderator.az-a politoloq diplomat Fikrət Sadıxov açıqlama verib.

Politoloq qeyd edib ki, Rusiya hazırda sanksiyalar altındadır:

"Son bir neçə il ərzində tətbiq olunan bu məhdudiyyətlər, təbii ki, ölkənin iqtisadiyyatına da müəyyən dərəcədə mənfi təsir göstərib. Bu səbəbdən Rusiya yeni tərəfdaşlar axtarışındadır.

Moskva Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir, həmin ölkələrin liderlərini Rusiyaya dəvət edir, eyni zamanda Asiya dövlətləri ilə tərəfdaşlıq münasibətləri qurur.

Rusiyanın hazırda Türk Dövlətləri Təşkilatına (TDT) qoşulmaq niyyəti də birbaşa bu məqamla bağlıdır. Bununla belə, Rusiyanın təşkilata mümkün üzvlüyünün güc balansına təsir göstərəcəyinə inanmıram.

Çünki TDT-də təmsil olunan Mərkəzi Asiya ölkələri və Azərbaycan kifayət qədər güclü, təbii sərvətlər baxımından zəngin, eyni zamanda dünya siyasətində müəyyən rola malik dövlətlərdir.

Bu baxımdan, Rusiya ilə münasibətlər yalnız bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqların təmin edilməsi prinsipləri əsasında qurula bilər".

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor