Möhtərəm cənab Prezident!
Biz gənclər Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsini və Azərbaycançılıq ideologiyasını dərindən öyrənərək, Sizin ətrafınızda sıx birləşərək dövlətimizə və Vətənimizə sədaqətlə xidmət etməyi özümüzə şərəfli vəzifə hesab edirik. Ulu Öndərin əsasını qoyduğu müasir müstəqil Azərbaycan dövləti Sizin rəhbərliyinizlə uğurla inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır.
Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandan kimi qətiyyətli sərkərdəliyiniz sayəsində torpaqlarımız işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Siz tarixi Zəfərlə xalqımızın milli qürurunu özünə qaytardınız, gələcəyə olan inamını daha da gücləndirdiniz.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, doğma yurdlarımız dirçəlir, soydaşlarımız uzun illərin həsrətindən sonra ata-baba torpaqlarına qayıdırlar. Kəlbəcərimizin də yenidən qurulması və insanların öz evlərinə qayıtmaları hər bir kəlbəcərli kimi məndə də böyük sevinc və qürur hissi yaradır.
Möhtərəm cənab Prezident, biz xoşbəxt gənclərik ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən, xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi naminə ardıcıl siyasət həyata keçirən Sizin kimi müdrik və qətiyyətli liderimiz var. Sizin rəhbərliyinizlə qazanılan tarixi nailiyyətlər bizim üçün həm qürur mənbəyi, həm də gələcək fəaliyyətimizə güclü stimul və örnəkdir.
YAP-nın VIII Qurultayında səsləndirdiyiniz fikirlər və qarşımıza qoyduğunuz vəzifələr bizi gənclərlə işin, ideoloji maarifləndirmənin və milli-mənəvi dəyərlərimizin təbliğinin daha da gücləndirilməsinə ruhlandırır. Biz gənclər dövlətçilik ənənələrimizin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi, milli həmrəyliyimizin gücləndirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində səylə çalışacağıq.
Sizi əmin edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq ətrafınızda daha sıx birləşəcək, dövlətimizin daha da qüdrətlənməsi və Vətənimizin davamlı inkişafı naminə bundan sonra da əzmlə çalışacağıq.
Möhtərəm cənab Prezident, Uca Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmət və ehtiramla,
Yusif Əkbərov,
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.