Livanın “Hizbullah” təşkilatı Yəməndə husilərin tərəfində hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı ittihamları rədd edib.
Bu barədə təşkilatın mətbuat xidmətinin noyabrın 4-də “Telegram” kanalında yaydığı bəyanatda bildirilib.
“Husilərin hücum əməliyyatlarına dəstək göstərilməsi, onların hərbi hazırlığına və yenidən silahlandırılmasına yardım edilməsi barədə Yəmən hakimiyyətinin irəli sürdüyü iddialar tamamilə əsassızdır. Yəmənlilər xarici dəstək olmadan ölkələrini müdafiə etmək üçün kifayət qədər imkanlara, resurslara və təcrübəyə malikdirlər”, – bəyanatda qeyd olunub.
“Hizbullah” Yəməndə hərbi mütəxəssislərinin olduğunu da təkzib edib. Təşkilat ölkənin birliyinin qorunması və fikir ayrılıqlarının aradan qaldırılması üçün münaqişə tərəflərini daxili dialoqa çağırıb.
Qeyd edək ki, noyabrın 3-də Yəmənin daxili işlər naziri İbrahim Əli Əhməd Heydan “Hizbullah”ı və İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) husilərin hərbi əməliyyatlarını birbaşa idarə etməkdə ittiham edib.
Nazirin iddiasına görə, hər iki təşkilatın hərbi təlimatçıları husilərin raket və pilotsuz uçuş aparatları proqramlarının hazırlanmasında, həmçinin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumların əlaqələndirilməsində iştirak edirlər.
Livanın Baş naziri Nəvaf Salam isə daha əvvəl “Hizbullah”a xəbərdarlıq edərək ərəb ölkələrinin, xüsusilə Yəmənin daxili işlərinə müdaxilənin Livanın milli maraqlarına zərər verə biləcəyini bildirib.