Qadınların cəmiyyətin inkişafındakı rolunun gücləndirilməsi, onların potensialının üzə çıxarılması və uğur hekayələrinin gənc nəsillə bölüşülməsi mühüm əhəmiyyət daşıyır.
Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, deputat Könül Nurullayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və «Regional İnkişaf» İctimai Birliyinin (RİİB) əməkdaşlığı ilə həyata keçirilən «Güclü cəmiyyətin zərif simaları» layihəsinin yekun konfransında çıxışı zamanı bildirib.
Layihənin eksperti olan deputat qeyd edib ki, təşəbbüs təcrübəli qadınların bilik və bacarıqlarını gənc qızlarla bölüşməsi, xüsusilə regionlarda yaşayan qadınların potensialının üzə çıxarılması baxımından mühüm platformadır.
K.Nurullayeva Azərbaycan qadınının tarix boyu cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında mühüm rol oynadığını vurğulayıb. Tomris, Sara xatun, Xurşidbanu Natəvan və Həmidə xanım Cavanşir kimi tarixi şəxsiyyətləri xatırladan deputat bildirib ki, Azərbaycan qadınları müxtəlif dövrlərdə zəkaları, cəsarətləri və ictimai fəaliyyətləri ilə seçiliblər.
Onun sözlərinə görə, Azərbaycan qadını yalnız ailənin və cəmiyyətin mənəvi dayağı deyil, həm də ictimai-siyasi həyatda, maarifçilik hərəkatında və dövlətçilik ənənələrinin qorunmasında fəal iştirak edən qüvvə olub.
Deputat Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasını Ümummilli Lider Heydər Əliyevin adı ilə əlaqələndirib. Bildirib ki, Ulu Öndər qadınların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda, elm, təhsil və iqtisadiyyat sahələrində iştirakının genişləndirilməsinə, onların hüquqlarının müdafiəsinə və potensiallarının reallaşdırılmasına xüsusi diqqət yetirib.
K.Nurullayeva bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edərək qadınların hüquqlarının qorunmasının, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasının, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin, təhsil və səhiyyə imkanlarının genişləndirilməsinin, eləcə də qərarların qəbulu prosesində təmsilçiliyinin artırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi, xeyriyyəçilik və humanitar sahələrdəki fəaliyyətinə toxunan deputat onun müasir Azərbaycan qadınının liderlik keyfiyyətlərini və milli-mənəvi dəyərlərini təcəssüm etdirdiyini bildirib.
O, Mehriban Əliyevanın «Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətinə gedirik» fikrini xatırladaraq bu yanaşmanın müasir qadın siyasətinin əsas mahiyyətini ifadə etdiyini vurğulayıb.
Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdıran K.Nurullayeva Azərbaycanın qazandığı Qələbədə şəhid və qazilərin fədakarlığı, ordunun qəhrəmanlığı və xalqın birliyi ilə yanaşı, övladlarını vətənpərvərlik ruhunda böyüdən anaların da mühüm rolunu qeyd edib.
Deputat bildirib ki, gənc nəslə milli kimliyin, azərbaycançılıq məfkurəsinin və vətənpərvərlik dəyərlərinin aşılanmasında anaların əməyi əvəzsizdir.
Çıxışının sonunda K.Nurullayeva qadınların uğur hekayələrinin, qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq təcrübələrinin gənclərlə bölüşülməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, belə təşəbbüslər hətta bir gənc qızın həyatında dönüş nöqtəsinə çevrilə bilər.
Deputat gənc qızları qarşılarına məqsəd qoymağa, öz potensiallarına inanmağa və arzularına çatmaq üçün əzmlə çalışmağa çağırıb.