Azərbaycanın neft və qaz ixrac həcmləri açıqlanıb

Bu ilin 3-cü rübündə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4 milyon ton təşkil edib.

Bu barədə Trend SOCAR-ın məlumatına əsasən, hesablama aparıb.

Bildirilib ki, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ötən ilin eyni dövrü ilə müqayisədə xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 184,6 min ton və ya 4,5% azalıb.

2025-ci ilin üçüncü rübündə bu göstərici 4 milyon 101,4 min ton təşkil edib.

Ölkə üzrə təbii qaz ixracı da azalıb. 2026-cı ilin üçüncü rübündə xarici bazarlara 5 milyard 738,1 milyon kubmetr qaz tədarük edilib. Ötən ilin eyni dövründə bu həcm 6 milyard 286,9 milyon kubmetr olub. İllik azalma 548,8 milyon kubmetr və ya 8,7% təşkil edib.

Daxili bazarda təbii qaz istehlakı da aşağı düşüb. Belə ki, 2026-cı ilin üçüncü rübündə ölkə üzrə qaz istehlakı 2 milyard 275 milyon kubmetrə yaxın olub. 2025-ci ilin müvafiq dövründə bu göstərici təxminən 2 milyard 439,1 milyon kubmetr təşkil edib. Nəticədə istehlak 6,7% azalıb.

Ümumilikdə, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan neft ixracı dəyər ifadəsində 13 faiz artıb.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 10,103 milyard dollar dəyərində bitumlu süxurlardan alınmış 15,830 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard dollar və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb.

Eyni zamanda bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,449 milyard dollar dəyərində 17,994 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 250 milyon dollar və ya 3,7 faiz, həcm ifadəsində isə 534 milyon kubmetr və ya 2,9 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanda 37,521 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 0,7 faiz azdır. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 37,794 milyard kubmetr təbii qaz hasil olunub.

2026-cı ilin ilk doqquz ayında əmtəəlik təbii qaz hasilatının həcmi 28,581 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövründəki 29,046 milyard kubmetrlə müqayisədə 465 milyon kubmetr və ya 1,6 faiz azdır.

Hesabat dövründə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri ilə 16 milyard 862,6 milyon kubmetr qaz nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273 milyon kubmetr və ya 1,6 faiz azdır.

Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 29 milyard 730,8 milyon kubmetr qaz nəql olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz azdır. Qaz nəqlinin ümumi həcminin 56,7 faizi Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.