Kamera qarşısında təhlükə: Son hücumlar nədən xəbər verir?…

Son günlər Azərbaycanda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin zorakılığa məruz qalması ilə bağlı azı iki insident baş verib.

Oktyabrın 28-də ölüm hadisəsi ilə əlaqədar Bakının Yasamal rayonundakı 225 saylı məktəbə gedən REAL TV-nin çəkiliş qrupu məktəbin həyətində hücuma məruz qalıb. Telekanalın operatoru və təcrübəçi əməkdaşı döyülüb, Space TV-nin əməkdaşına qarşı da zorakılıq tətbiq edildiyi bildirilib.

Bir neçə gün sonra, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonunda baş vermiş yanğını işıqlandıran APA TV-nin çəkiliş qrupu hücuma məruz qalıb. Müxbir döyülüb, telekanalın texniki avadanlığına zərər vurulub.

Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxslər tutulub. Ümumilikdə bu hadisələrə görə dörd nəfərin saxlandığı haqda məlumat açıqlanıb.

Bu insidentlər ölkədə jurnalistlərə qarşı zorakılıq meyllərinin artması, yəni ölkədə xoşagəlməz bir tendensiyanın baş qaldırdığının əlaməti kimi qiymətləndirilə bilərmi?

Hüquq-mühafizə orqanlarının insidentlərə müdaxiləsi, təqsirkarların məsuliyyətə cəlb olunması gələcəkdə oxşar halların qarşısını almaq üçün kifayət edəcəkmi? Yoxsa belə halların təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsinə, məsələn, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, yaxud cəmiyyətdə təbliğat işinin aparılmasına da ehtiyac var?

İnsidentlərin baş verməməsi üçün jurnalistlərin, onların çalışdıqları redaksiyaların da üzərinə düşən öhdəliklər varmı?

Məslə ilə bağlı Medianews.az-a açıqlamasında Musavat.com-un baş redaktoru Əli Rais bildirib ki, son günlər baş verən hadisələr ciddi narahatlıq doğurur: “Bir neçə gün ərzində fərqli televiziya kanallarının çəkiliş qruplarının hücuma məruz qalması təsadüfi insidentlər kimi qiymətləndirilməməli, onların səbəbləri dərindən araşdırılmalıdır. Ancaq təkcə iki hadisəyə görə “ölkədə jurnalistlərə qarşı zorakılıq meylləri var” da demək olmaz. Diqqət etdinizsə, hadisədə iştirak edənlər yeniyetmə və ya gənclərdir. Belə yaş dövründə olanlar özlərini ətrafdakılara sanki qəhrəman kimi göstərmək üçün bu cür ağılsız hərəkətlərə yol verirlər. Sonunu düşünmürlər, ya da düşünürlər, sadəcə olaraq hələ dərk etmirlər ki, etdikləri əməl nə ilə nəticələnə bilər.

Bu, cəmiyyətin informasiya əldə etmək hüququna, hadisələrin ictimaiyyətə çatdırılmasına və media azadlığına qarşı yönəlmiş hərəkətdir. Ona görə də hüquq-mühafizə orqanları bu addımı atanları cəzalandırmalıdır ki, hadisədən kimlərsə ilhamlanıb başqa bir yerdə digər jurnalistə hücum etməsin. Qarşısı alınmasa bu, silsilə hal alacaq.

Yəni ilk növbədə, jurnalistlərin peşə fəaliyyətinə mane olma və onlara qarşı zorakılıq hallarının hüquqi qiymətləndirilməsi prinsipial və ardıcıl olmalıdır. Cəzasızlıq hissi yaranmamalıdır. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərin hadisə yerlərində fəaliyyətinin xüsusiyyətlərini, onların hüquq və öhdəliklərini yaxşı bilməlidirlər.

Bundan əlavə maarifləndirmə işləri də aparılmalıdır. Cəmiyyətdə jurnalistin düşmən, müdaxiləçi və ya hansısa şəxsin şəxsi həyatına qəsd edən biri kimi təqdim olunması yanlış yanaşmadır. Jurnalist ictimai əhəmiyyətli hadisəni işıqlandırırsa, bu, onun qanuni peşə fəaliyyətidir. İnsanlar bilməlidirlər ki, jurnalistin çəkiliş aparmasından narazı qalmaq ona hücum etmək, avadanlığını sındırmaq və ya işinə mane olmaq hüququ vermir.

Bununla yanaşı, media qurumları, jurnalist təşkilatları və dövlət qurumları arasında əməkdaşlıq gücləndirilməli, təhlükəli hadisə yerlərində jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün praktiki mexanizmlər formalaşdırılmalıdır”.

Son hadisələrlə bağlı ictimai polemikalarda jurnalistləri də yetərincə peşəkar davranmamaqda qınayanlar var. Belə qınaqlar əsaslıdırmı?

Suala cavab olaraq Əli Rais deyib ki, bu məsələdə iki fərqli anlayışı bir-birindən ayırmaq lazımdır - jurnalistin peşəkar fəaliyyətinin qiymətləndirilməsi və ona qarşı zorakılığın əsaslandırılması: “Əlbəttə, jurnalistlər də peşə etikası qaydalarına əməl etməli, hadisə yerində davranışlarına, təqdim etdikləri informasiyanın dəqiqliyinə, insanların hüquqlarına və şəxsi həyatına hörmətlə yanaşmalıdırlar. Jurnalistin fəaliyyəti də tənqid oluna bilər. Media nümayəndəsi olmaq heç kimə qeyri-peşəkar davranmaq imtiyazı vermir. Ancaq haqqında danışdığımız hadisələrdə jurnalistlər yalnız peşə fəaliyyətlərini yerinə yetirirdilər. Heç bir qanunsuzluq yox idi. Qanunsuzluq jurnalistlərə qarşı edilən hücum idi. Artıq həmin şəxslər də hüquqi cəzalarını alıblar.

Jurnalistlərin təhlükəsizliyi yalnız dövlətin və hüquq-mühafizə orqanlarının məsuliyyəti deyil. Media qurumlarının və jurnalistlərin özlərinin də bu sahədə üzərinə düşən vəzifələr mövcuddur.

İlk növbədə, redaksiyalar hadisə yerinə göndərdikləri əməkdaşların təhlükəsizliyini təmin etmək üçün müvafiq qaydalar hazırlamalıdırlar. Xüsusilə ölüm hadisələri, yanğınlar, qəza, kriminal olaylar və emosional gərginliyin yüksək olduğu digər məkanlarda çalışan jurnalistlər riskləri əvvəlcədən qiymətləndirməlidirlər.

Jurnalistlər hadisə yerində insanların emosional vəziyyətini nəzərə almalı, zərərçəkənlərin və yaxınlarının şəxsi həyatına hörmət etməli, hüquq-mühafizə orqanlarının qanuni tələblərini yerinə yetirməlidirlər. Zərurət olduqda, təhlükəli ərazidən uzaqlaşmaq və çəkilişi təhlükəsiz məsafədən aparmaq lazımdır.

Qeyd etdiyimiz məsələlərlə bağlı qanunvericilikdə konkret müddəalar var. Məsələn, “Media haqqında” qanunun 6.3-cü maddəsində deyilir ki, qanunla məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, ötürülməsi və şərh edilməsi ilə bağlı jurnalistlərin təqib olunması və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Bu o deməkdir ki, jurnalist qanuni peşə fəaliyyətini həyata keçirərkən zorakılığa, təzyiqə və qanunsuz müdaxiləyə məruz qalmamalıdır.

Daha konkret hüquqi məsuliyyət isə Cinayət Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulub. Maddə belə adlanır: “Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma”.

Maddənin 1-ci bəndinə (yəni 163.1-ci maddə) əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə mane olmaq, onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmək 500 manatdan 1000 manatadək cərimə, yaxud bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Maddənin 2-ci bəndinə (163.2-ci maddə) əsasən, eyni əməllər vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə törədildikdə iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinin 381.2-ci maddəsinə görə isə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə görə 300 manatdan 600 manatadək cərimə nəzərdə tutur”.

Nailə Qasımova,

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.