Çinin üç ən böyük aviaşirkəti olan “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines” 2026-cı ili maliyyə zərəri ilə başa vura bilər. Buna əsas səbəb aviasiya yanacağının kəskin bahalaşması, daxili uçuşlarda bilet qiymətlərinin aşağı qalması və sərnişin daşımalarında rəqabətin güclənməsidir.
Bu barədə xəbər agentliyi “Reuters” məlumat yayıb.
Analitiklərin proqnozlarına əsasən, “Air China” və “China Eastern Airlines” ardıcıl yeddinci ili zərərlə başa vurmağa doğru gedir. 2025-ci ildə pandemiyadan sonra ilk dəfə illik mənfəət əldə edən “China Southern Airlines”in də yenidən zərərə düşəcəyi gözlənilir.
2026-cı ilin üçüncü rübündə “Air China”nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 92,6% azalaraq 270,6 milyon yuana (40,6 milyon dollar) düşüb.
“China Eastern Airlines”in rüblük mənfəəti isə 98,2% azalaraq 64 milyon yuan (9,6 milyon dollar) təşkil edib.
“China Southern Airlines” üçüncü rübü 609 milyon yuan (91,4 milyon dollar) xalis zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 3,84 milyard yuan mənfəət əldə etmişdi.
Hər üç aviaşirkət 2026-cı ilin ilk doqquz ayını zərərlə tamamlayıb. Ötən ilin müvafiq dövründə isə onların hamısı mənfəətlə işləmişdi.
Maliyyə nəticələrinin pisləşməsində əsas amil təyyarə yanacağının qiymətidir. Fevralın sonunda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra aviasiya yanacağı iki dəfədən çox bahalaşıb.
Çin aviaşirkətləri yanacaq qiymətlərindəki dəyişikliklərdən qorunmaq üçün digər Asiya və Avropa daşıyıcıları ilə müqayisədə daha az hedcinq əməliyyatı aparırlar. Bu da qiymət artımının onların xərclərinə təsirini gücləndirir.
Eyni zamanda sürətli dəmir yolu nəqliyyatı ilə rəqabət bilet qiymətlərini artırmaq imkanlarını məhdudlaşdırır. “Huatai Securities”in hesablamasına görə, üçüncü rübdə “Air China”nın sərnişin daşımalarından orta gəlirliliyi 5% azalıb.
ABŞ-ın investisiya bankçılığı sahəsində fəaliyyət göstərən “Bank of America”nın analitiki Neytan Gi hesab edir ki, yanacağın yüksək qiyməti və zəif istehlak tələbi səbəbindən Çin aviaşirkətləri dördüncü rübdə də zərərlə üzləşə bilərlər.
İlin əvvəlindən bəri “Air China”nın səhmləri 38%, “China Eastern Airlines”in səhmləri 46%, “China Southern Airlines”in səhmləri isə 39% ucuzlaşıb.