Baş katib postuna namizədlərin sayı artıb - SİYAHI…

Birləşmiş Millətlər Təşkilatında (BMT) ali vəzifəli şəxs – baş katib postuna namizədlərin sayı artıb.

Hazırda bu posta səkkiz nəfər iddia edir.

Onların beşi qadındır: Rebeka Qrinspan (Kosta Rika), Karolin Rodriqes-Birkett (Qayana), Mariya Fernanda Espinosa Qarses, İvonn Baki (hər ikisi Ekvador), Lana Zəki Nusseybeh (Birləşmiş Ərəb Əmirlikləri).

Üç kişi namizəd də var: Rafael Mariano Qrossi (Argentina), Olara Otunnu (Uqanda), Firudin Sinirlioğlu (Türkiyə).

193 ölkəni birləşdirən BMT-nin baş katibini Baş Məclis iki dəfədən çox olmamaqla 5 il müddətinə təyin edir. Təyinatda 15 ölkədən ibarət Təhlükəsizlik Şurasının tövsiyəsi əsas götürülür.

2016 və 2021-ci illərdə baş katib mandatı almış Antonio Quterreşin (Portuqaliya) səlahiyyət müddəti bitmək üzrədir. Yeni baş katib payızda müəyyənləşib 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlamalıdır.

1945-ci ildə yaradılan BMT-nin əvvəlki baş katibləri bu şəxslərdir: Trüqve Li (Norveç), Daq Hammarşeld (İsveç), U Tan (Myanma), Kurt Valdhaym (Avstriya), Xavyer Peres de Kuelyar (Peru), Butros Butros-Qali (Misir), Kofi Annan (Qana), Pan Gi Mun (Cənubi Koreya).