Maşın almaq istəyənlərin pulunu mənimsədi - Avtosalon əməkdaşına ağır cəza

Bakıda iki nəfərə Çindən avtomobil gətirəcəyini vəd edərək ümumilikdə 50 500 manat pul alan şəxs həbs edilib.

Qaynarinfo-ya istinadla, 1996-cı ildə Bakı şəhərində anadan olmuş Mehdi adlı şəxs dələduzluq və saxta sənəddən istifadə etməkdə təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, Mehdi 2025-ci ilin avqust-noyabr aylarında Nizami rayonu, Babək prospekti 61C ünvanında yerləşən avtomobil salonunda satış təmsilçisi işləyib. O, vəzifəsindən istifadə edərək müştərilərə Çindən avtomobil gətirəcəyini vəd edib, şirkətin adından saxta alqı-satqı müqavilələri hazırlayıb.

İlk hadisə zamanı o, Ramil adlı vətəndaşa Çindən “Changan Uni-Z” markalı avtomobil gətirəcəyini bildirib. Avtomobilin qiyməti 25 500 manat razılaşdırılıb. Ramil əvvəlcə 25 000, daha sonra isə 500 manat ödəyib. Pul Mehdi tərəfindən anasının bank kartına köçürülüb və sonradan nağdlaşdırılıb.

Növbəti hadisədə isə Mehdi ata və oğula “Changan Uni-Z” və “Changan Q07” markalı iki avtomobil təklif edib. Avtomobillərin ümumi qiymətinin 67 000 manat olduğunu deyərək onlardan 25 000 manat beh alıb.

Lakin vəd edilən avtomobillər gətirilməyib. Zərərçəkmişlər avtomobil salonuna müraciət etdikdə məlum olub ki, Mehdi şirkətin adından müqavilə bağlamaq səlahiyyətinə malik olmayıb və təqdim etdiyi sənədlər müəssisəyə aid deyil.

Araşdırma zamanı Mehdi avtomobilləri Çindən gətirmək üçün Vanq adlı xanımla əlaqə saxladığını iddia etsə də, onun mobil telefonunda həmin şəxslə yazışmalar və avtomobil sifarişi ilə bağlı hər hansı məlumat aşkarlanmayıb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərə dəymiş ziyanı ödəmək üçün vaxt istəyib və hər gün 1000 dollar ödəyə biləcəyini bildirib.

Lakin zərərçəkmişlərə vurulmuş ziyanın yalnız bir hissəsi ödənilib. Birinci şəxsə dəymiş 25 500 manat ziyanın 4100 manatı, ikinci şəxsə dəymiş 25 000 manat ziyanın isə 4000 manatı qaytarılıb. Beləliklə, ümumilikdə 42 400 manat ödənilməmiş qalıb.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Mehdi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib.

Ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək Mehdi məhkəmə zalında dərhal həbs olunub.