"Azərbaycanla sülh artıq reallığa çevrilib, lakin indi bunun qanunla təsbit edilməsi lazımdır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, davamlı sülh nizamlanması həm regional sabitlik, həm də Ermənistanın Avropa perspektivləri üçün vacibdir.
Onun fikrincə, Avropa İttifaqının münaqişədə olan bir ölkəni qəbul etməyə hazır olma ehtimalı azdır. O, həmçinin vurğulayıb ki, Ermənistanın vəziyyətində mühüm müsbət inkişaf var: 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşmalardan sonra Azərbaycanla sülh bərqərar olub.
Paşinyan ABŞ Prezidenti Donald Trampın bu prosesdə dəstəyini və təşəbbüsünü qeyd edib.
"Xoş xəbər odur ki, biz Azərbaycanla sülh bağladıq. Bu, ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş verdi", - deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, bu, sadəcə niyyət bəyannaməsi deyildi, çünki razılaşmalar artıq vəziyyətin real dəyişikliyinə səbəb olmuşdu.
"Bu, sadəcə sülh bəyannaməsi deyildi. Bu, reallığa çevrilib. Yəni, indi real sülhə nail olmuşuq", - deyə Paşinyan bildirib.
Eyni zamanda, o, əldə edilən nəticənin institusionallaşdırılmasının vacibliyini vurğulayıb.
"Xüsusilə dünyada baş verənləri nəzərə alsaq, sülhün institusionallaşdırılması indi çox vacibdir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Vaşinqtonda xarici işlər nazirlərimiz tərəfindən paraflanıb. İndi isə müqaviləni imzalamalı və təsdiqləməliyik", - deyə erməni Baş nazir bildirib.
Paşinyan həmçinin qeyd edib ki, sülhün bərqərar olması Ermənistanın Aİ ilə münasibətlərinin daha da inkişafı üçün vacibdir.