Ərdoğan Cənubi Koreyada səfərdədir - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Cənubi Koreyaya səfər edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onları hava limanında Cənubi Koreyanın ticarət naziri Park Çunq-Sunq qarşılayıb.

Səfər çərçivəsində Ərdoğanı Türkiyə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fateh Kaçır, AKP-nin sədr müavini və səhiyyə siyasətinin rəhbəri Xalid Yerebakan və Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün müşayiət edir.

Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində Ərdoğanın 3 noyabrda Cənubi Koreya Prezidenti Li Çje Men ilə rəsmi görüşü nəzərdə tutulub.

Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlığın bütün aspektlərinin müzakirə olunması, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması, həmçinin ikitərəfli münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə yönəlmiş müxtəlif sazişlərin imzalanması planlaşdırılır.