Bakı, 2 noyabr, AZƏRTAC Bu gün dünyada təhlükələr artıq fiziki sərhədlərlə məhdudlaşmır. İnformasiya müharibələri, kiberhücumlar, sosial şəbəkələrdə manipulyasiya, dezinformasiya və süni intellekt vasitəsilə yayılan saxta məlumatlar dövlətlərin qarşılaşdığı yeni çağırışlardır. Prezident İlham Əliyev də məhz bu reallığa diqqət çəkərək bəyan edib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Görünən budur ki, ideoloji təhlükəsizlik milli kimliyi, tarixi yaddaşı, mənəvi dəyərləri və gələcəyə dair strateji baxışı qoruyur. Azərbaycanın müasir inkişaf təcrübəsi də bu baxımdan fərqlənir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində Azərbaycan müstəqilliyin ilk illərində üzləşdiyi ağır böhranlardan çıxaraq regional və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O bildirib ki, Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyası idi. Bu ideologiya milli mənsubiyyətindən, dini etiqadından və sosial statusundan asılı olmayaraq bütün vətəndaşları vahid dövlət, vətəndaşlıq kimliyi ətrafında birləşdirmək məqsədi daşıyır. Azərbaycan dili, milli-mədəni irs, tarixi yaddaş, multikulturalizm və dövlət müstəqilliyinə sədaqət bu ideoloji sistemin əsas komponentlərinə çevrilib. 2003-cü ildən etibarən isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf strategiyasında yeni mərhələ başlayıb. Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji diplomatiyası, Qoşulmama Hərəkatına sədrliyi, beynəlxalq humanitar və mədəni tədbirlərə ev sahibliyi, eləcə də müxtəlif dövlətlərlə qurulan tərəfdaşlıq münasibətləri mühüm rol oynayıb. Deputat qeyd edib ki, 2020-ci il Vətən müharibəsindəki Qələbə və 2023-cü ildə Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi isə ölkəmizin müasir tarixində yeni mərhələ açdı. Bu inkişaf yolunu möhkəmləndirən əsas istiqamətlərdən biri də dövlətin ideoloji dayaqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsidir. Bu gün sosial şəbəkələr, rəqəmsal platformalar, dezinformasiya kampaniyaları, tarixi faktların təhrif edilməsi və müxtəlif ideoloji təsir cəhdləri cəmiyyətin düşüncə sisteminə təsir göstərir. Belə şəraitdə ideoloji təhlükəsizlik milli maraqlara zidd informasiya manipulyasiyalarına qarşı dayanıqlılıq, vətəndaşların media savadlılığı, tarixi həqiqətlərin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi deməkdir. Bu xüsusda Azərbaycançılıq ideologiyasının müasir dövrdə əsas vəzifəsi dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, multikultural dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsidir. N.Məmmədova vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri də müxtəlif qlobal və regional tədbirlərə ev sahibliyi etməsidir. Bakı artıq uzun illərdir beynəlxalq siyasi, iqtisadi, humanitar və mədəni dialoqun keçirildiyi məkanlardan biridir. 2026-cı ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yeddinci toplantısı da bu istiqamətdə Azərbaycanın fəaliyyətinin davamı oldu. 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi və təşkilata sədrlik etməsi ölkəmizin müsəlman dünyası ilə münasibətlərində yeni mərhələ olacaq. Bu, həm də müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın inkişafı üçün mühüm platformadır. Bununla yanaşı, Avropa məkanında da Azərbaycanın iştirakı genişlənir. Belə ki, Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək. Müsəlman dünyası ilə əlaqələrin inkişafı, Avropa ölkələri ilə siyasi dialoqun genişləndirilməsi uğurlu və nadir rast gəlinən təcrübədir. Beləliklə, Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif siyasi və mədəni platformalar arasında dialoqa töhfə verməyə davam edir. Nəticədə Azərbaycanın “orta güc” kimi nüfuzu artır və bu status rəsmi Bakının beynəlxalq təşəbbüslər irəli sürmək, müxtəlif tərəflər arasında dialoq yaratmaq və regional proseslərə təsir göstərmək imkanları ilə bağlıdır.