Müştəri 11 qəpiyə görə şikayət etdi, “Megastore” 4 min manat cərimələndi

“Megastore” mağazalar şəbəkəsi inzibati qaydada cərimə olunub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna vətəndaş şikayəti səbəb olub.

Belə ki, İlkin Tağıyev adlı vətəndaş Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə “Megastore”da 1 litrlik “Sirab” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0.89 manat göstərildiyi halda kassada 1 AZN-ə satıldığını bildirib.

Araşdırmalarla fakt təsdiqini tapıb və “Megastore” barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi ilə protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, şirkət 4000 manat cərimələnib.

Şirkət qərarda apellyasiya şikayət versə də, bu, təmin olunmayıb.