Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Qlobal bazarlarda ilin əvvəlindən bəri ən çox bahalaşan məhsul Avropa İttifaqında təbii qaz olub. Onun qiyməti 2026-cı ilin əvvəlindən etibarən 3.6 dəfə, yəni 259.31% artıb.

Bu barədə "RİA Novosti" ICE Futures, CME Group və Şanxay Metallar Birjasının məlumatlarına istinadən xəbər yayıb.

Reytinqdə ikinci yerdə Böyük Britaniyada təbii qazın qiyməti qərarlaşıb. Bu məhsul 239.55% bahalaşıb. Üçüncü pillədə isə Cənubi Koreya və Yaponiyada mayeləşdirilmiş təbii qazın (MTQ) qiyməti yer alıb. Burada artım 233.52% təşkil edib.

Nəşr qeyd edir ki, ərzaq məhsulları arasında ilin əvvəlindən ən çox düyü bahalaşıb. Onun qiyməti 81.45% artıb.

Daha əvvəl Avropa birjalarında keçirilən hərraclarda qazın spot qiymətinin 1 000 kubmetr üçün 1 200 dolları ötdüyü bildirilmişdi. Belə bir göstərici sonuncu dəfə 2022-ci ilin dekabrında qeydə alınmışdı.

Qiymət artımının əsas səbəbi Yaxın Şərqdən qaz tədarükünün dayanmasıdır. İran münaqişəsi və Hörmüz boğazının bağlanması Avropanın ötən il Aİ-nin mayeləşdirilmiş təbii qaz idxalının təxminən 8%-ni təşkil edən Qətər qazından məhrum olmasına səbəb olub.

Bununla yanaşı, Avropa İttifaqı 2027-ci ilin yanvarından etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını tamamilə qadağan etməyi planlaşdırır. Halbuki 2026-cı ilin ikinci rübündə Rusiya MTQ-si Avropanın bu məhsul üzrə idxalının təxminən beşdəbirini təşkil edib.