Alimlər 2-ci tip diabetdən əziyyət çəkən insanların əzələlərində Miro1 zülalının yüksək səviyyədə olduğunu və bunun orqanizmin insulinə reaksiyasını zəiflədə biləcəyini müəyyən ediblər.
"Nature Communications" jurnalında dərc olunan araşdırmaya görə, laboratoriya modellərində bu zülalın aradan qaldırılması əzələlərin insulinə həssaslığını bərpa edib.
Tədqiqat zamanı aerob fiziki məşqlərin diabet və piylənmədən əziyyət çəkən insanlarda Miro1 zülalının səviyyəsini azaltdığı müşahidə olunub. Məşqlər həmçinin insulinə həssaslığı və əzələlərdə enerji istehsalını yaxşılaşdırıb.
Alimlər hesab edirlər ki, Miro1 zülalının öyrənilməsi gələcəkdə 2-ci tip diabetin müalicəsində yeni imkanlar yarada bilər. Lakin bu zülalı hədəf alan müalicə üsullarının insanlar üçün təhlükəsiz və effektiv olduğunu təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.