İtaliya A Seriyasının 10-cu turu çərçivəsində “Milan” və “İnter” komandaları arasında keçirilən matç başa çatıb. Milandakı “San-Siro” stadionunda təşkil olunan görüşün baş hakimi Marko Quida (Torre-Annuçata) olub. Qarşılaşma “Milan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 4-cü dəqiqədə “Milan”ın futbolçusu Kristian Pulişiç açıb. Yarımmüdafiəçi Adrien Rabyo 10-cu dəqiqədə “rossonyerilər”in üstünlüyünü iki topa çatdırıb. “İnter”in müdafiəçisi Alessandro Bastoni 22-ci dəqiqədə fərqi azaldıb. Dieqo Moreyra isə 43-cü dəqiqədə “Milan”ın üçüncü qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib – 3:1.
"İnter" əzəli rəqibi üzərində ardıcıl səkkizinci oyunda da qələbə qazana bilməyib.
“İnter”in sonuncu qələbəsi 2024-cü ilin aprelində qeydə alınıb. Həmin vaxt “neradzurri” A Seriyası matçında 2:1 hesabı ilə üstün olub. O vaxtdan bəri “İnter” beş dəfə məğlubiyyətə uğrayıb: üç dəfə A Seriyasında, bir dəfə İtaliya Kubokunda və bir dəfə ölkə Superkubokunun finalında. Komandalar arasında bu müddətdə keçirilən daha iki görüş isə heç-heçə ilə başa çatıb: biri A Seriyasında, digəri İtaliya Kubokunda.
İtaliya çempionatında keçirdiyi doqquz oyundan sonra “İnter” 25 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Milan” isə 21 xalla dördüncü yerdədir.
Növbəti matçında “Milan” noyabrın 8-də səfərdə “Cenoa” ilə qarşılaşacaq. Həmin gün “İnter” öz meydanında “Komo”nu qəbul edəcək.