Bakı, 29 oktyabr, AZƏRTAC ADA Məktəbində keçirilən ənənəvi “Məhsul bayramı” şagirdlərə həm əylənmək, həm də yeni bacarıqlar qazanmaq imkanı yaradır.Bunu ADA Məktəbinin şagirdi Ayan Həsənova AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, əvvəllər 6 nömrəli məktəbdə təhsil alıb, hazırda isə ADA Məktəbində oxuyur və məktəbin mühitini çox bəyənir.Ayanın sözlərinə görə, “Məhsul bayramı” uşaqlara məhsullarını təqdim etməyi, satış həyata keçirməyi və alıcılarla ünsiyyət qurmağı öyrədir. Bu baxımdan tədbir həm maraqlı, həm də faydalı təcrübədir.Şagird qeyd edib ki, festivalda ən çox dostlarının hazırladığı əl işləri diqqətini çəkib. Xüsusilə oyuncaq televizorlar, müxtəlif yumşaq oyuncaqlar və digər maraqlı əl işlərini bəyəndiyini bildirib.Ayan Həsənova hesab edir ki, Məhsul Bayramının əsas məqsədlərindən biri uşaqlara satış bacarıqlarını öyrətmək, onları təşəbbüskarlığa həvəsləndirmək və xeyriyyəçilik fəaliyyətinə cəlb etməkdir. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Orxan Kərimov