Əfsanəvi fransız: İndi insanlar Mbappeyə nifrət edirlər, çünki pula görə üzr istədi

Kristof Dyuqarri insanların Kilian Mbappedən nifrət etdiyini iddia edib.

Dyuqarri bu iddiasını Mbappenin çinlilərdən üzr istəməsi ilə əsaslandırıb.

Daha əvvəl “Real Madrid” və Fransa millisinin hücumçusu onu diktator kimi təsvir edən memlər barədə danışmışdı: “Məni ən çox güldürən, Çin diktatoru Mao Tszedonq kimi təsvir etdikləri mem idi. Mən bunu tez-tez dostlarımla danışarkən istifadə edirəm”.

Bundan sonra üç Çin şirkəti futbolçu ilə tərəfdaşlığına son qoydu və İspaniya liqasının oyunlarının yayımı Çində dayandırıldı. La Liqa prezidenti Xavyer Tebas ictimaiyyət qarşısında üzr istədi.

“İndi çox adam ona nifrət edir. Çində yəqin ki, milyonlarla insan ona nifrət edir. İndi isə üzr istədiyinə görə də nifrət edənlər var. O, pul üçün, mənfəət üçün üzr istədiyinə görə tənqid olunur.

O, əvvəllər özünü prinsipial bir insan kimi təqdim edirdi və şübhəli nüfuza malik ölkələr və ya şirkətlərlə əməkdaşlıq etmək istəmirdi. Bir dəfə gənclərə zərər verən və ya fast-food satan şirkətlərlə heç vaxt işləməyəcəyini bəyan etmişdi. Lakin məlum olur ki, o, üç böyük Çin şirkəti ilə tərəfdaşlıq edir”, – deyə Fransa millisinin keçmiş hücumçusu bildirib.