Ramiz Mehdiyevin əmlakının müsadirəsi digər korrupsionerlərə nə vəd edir?

Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə 14 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Bundan başqa, Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Maraqlıdır, Ramiz Mehdiyevin cinayət yolu ilə leqallaşdırdığı əmlakların dövlət nəfinə müsadirəsi digər korrupsionerlərə nə vəd edir? Bu cür qərarlar ədaləti təmin etməklə yanaşı, rüşvət və korrupsiyaya meyl edən digər məmurlar üçün də çəkindirici təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu cür cəzaların təyin edilməsində əsas məqsədlərdən biri də odur ki, həm sözügedən şəxslər, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısı alınsın. Bu cəza cinayətlərinin qarşsını almaq üçün qabaqlayıcı tədbirlərdən biri kimi önəmlidir. Bu kimi hallar digər cəzalarda da nəzərdə tutulur. Məqsəd isə ondan ibarətdir ki, digərləri bu cür cinayətlərə yol verməsin. Amma Azərbaycan təcrübəsi göstərir ki, rüşvət və korrupsiyya meyilli şəxlər bundan çox da çəkinmirlər. Baxmayaraq ki, Azərbaycanda korrupsiyaya görə cəzalanan, əmlakı müsadirə olunan kifayət qədər adam var. Amma buna baxmayaraq, biz rüşvət və korrupsiyaya hallarına daim rast gəlirik. Görünür, bütün bunlarla yanaşı, başqa tədbrlər sistemi də nəzərdə tutmaq lazımdır. Rüşvət və korrupsiyanın qarşısı ilkin mərhələdə alınmalıdır. Buna görə də həmin şəxslərin özləri, ailə üzvləri, yaxın qohumları ilə bağlı gəlir bəyannaməsinin tətbiqi daha məqsədəuyğundur”.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində cinayət işi 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.