“Paşinyanın başqa yolu yoxdur, konstitusiya dəyişikliyinə getməlidir”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu Ermənistanda yaxın zamanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi ehtimalından danışıb:
“Ermənistanda dərk edirlər ki, sülhün əldə olunması üçün mütləq konstitusiya dəyişikliyi lazımdır. Sülh müqaviləsi ilə bağlı son qərarın qəbul edilməsi üçün isə ciddi tələblər mövcuddur. Bu, sadəcə olaraq, referendum keçirilməsi ilə bağlı Nikol Paşinyanın arzu etdiyi səs çoxluğunu parlamentdə əldə edə bilməməsi ilə əlaqədar deyil. Əslində, Ermənistanda referendum keçirməyin konstitusiyanın tələblərinə uyğun olan başqa hüquqi yolları da var. Ermənistan qanunvericiliyinin müəyyənləşdirdiyi həddə imza toplamaqla müxalifətin rəyi nəzərə alınmadan belə referendum haqqında qərar qəbul edilə bilər.
Aydın görünür ki, Ermənistanın hakim partiyası bu istiqamətdə qəti addım ata bilmir və bunun bir neçə səbəbi var. Səbəblərdən biri Ermənistan üzərindəki xarici təzyiqlərdir. İkincisi, İrəvanın yeni müharibəyə hazırlaşmaqla bağlı cəhdləridir, digər səbəb isə ABŞ-də razılaşdırılmış mətnə Ermənistan müxalifətinin sərt etirazlarıdır. Paşinyan çalışır ki, optimal alternativ tapıb problemi həll etsin.
Düşünürəm ki, indiki mərhələdə səsləndirilən fikirlər, yenidən parlament seçkilərinə getmək təşəbbüsləri ictimai rəyi manipulyasiya etməkdir. Paşinyan əmindir ki, erkən parlament seçkilərinə gedərsə, indiki mandatından daha az səs toplaya bilər. Həm dövrün reallıqları, həm də yeni beynəlxalq münasibətlər ritorikası onun seçkidə qalib gəlmək ehtimalını xeyli azaldıb. Paşinyanın növbəti dəfə uğur qazanması üçün mütləq Azərbaycanla sülh əldə etməsi vacibdir. Əks təqdirdə, ‘nə sülh, nə müharibə’ vəziyyəti və qeyri-müəyyənlik onun reytinqini daha da aşağı salacaq. Buna görə də Paşinyan ən qısa müddətdə referendum keçirilməsi ilə bağlı qərar qəbul etməlidir.”