“Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin özəl sektorla münasibətlərinə dair müəyyən müddətləri əhatə edən məhdudiyyətlər nəzərdə tutulur.
Layihəyə əsasən, əvvəllər özəl sektorda sahibkarlıq subyektinin idarəetmə orqanının və ya təftiş komissiyasının üzvü olmuş vəzifəli şəxs həmin subyektlə əmək münasibətlərinə xitam verildikdən sonra iki il müddətində onun fəaliyyəti ilə bağlı müəyyən qərarlar qəbul edə və ya mülki-hüquqi xarakterli müqavilələr bağlaya bilməz.
Sənəddə dövlət tərəfindən qiymətləri tənzimlənən mal və xidmətlər üzrə müqavilələr istisna kimi göstərilir.
Layihənin 8.4-cü maddəsində isə özəl sektorun fəaliyyətinə nəzarət edən vəzifəli şəxslərin gələcək iş yeri ilə bağlı məhdudiyyətlər müəyyənləşdirilir. Təklifə əsasən, belə vəzifəli şəxslər səlahiyyətlərinə və ya qurumla əmək münasibətlərinə xitam verildikdən sonra iki il müddətində nəzarət etdikləri, qərarlar qəbul etdikləri və müqavilələr bağladıqları özəl sektor subyektində işləyə və istehlakçı hüquq münasibətləri istisna olmaqla, həmin subyektlə müqavilə bağlaya bilməzlər.
Belə təklif alan vəzifəli şəxsin üç iş günü ərzində səlahiyyətli subyektlərə məlumat verməsi də nəzərdə tutulur.
Məhdudiyyətlərin məqsədi vəzifəli şəxsin əvvəlki səlahiyyətlərindən istifadə etməklə özəl sektorda üstünlük əldə etməsi və qərarların qərəzsizliyinə xələl gəlməsi risklərini azaltmaqdır.