“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb (FOTO)

Müsabiqəyə tələbələr tərəfindən 200-dən çox ideya təqdim olunub, üç qalib layihə pul mükafatına layiq görülüb

“Coca-Cola İçecek”in universitet tələbələri üçün təşkil etdiyi “One Idea” innovasiya müsabiqəsi başa çatıb.

Gənc istedadların innovativ ideyalarının dəstəklənməsi və onların real biznes mühitində inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqəyə bu il universitet tələbələri tərəfindən 200-dən çox ideya təqdim olunub. Bir neçə mərhələdən ibarət qiymətləndirmə prosesinin sonunda seçilən iştirakçılar öz ideyalarını yarımfinal mərhələsində təqdim ediblər. Şirkətin rəhbər heyətinin üzvləri yarımfinal mərhələsində münsiflər heyəti qismində iştirak ediblər.

Yarımfinaldan uğurla keçən komandalar iyul ayında BRICK agentliyinin dəstəyi ilə keçirilən üçgünlük “Innovation Bootcamp” proqramına qoşulublar. Proqram çərçivəsində iştirakçılar layihələrin idarə edilməsi və innovasiya üzrə təlimlərdə iştirak edib, ideyalarını daha da inkişaf etdirib, eləcə də təqdimat bacarıqlarını gücləndiriblər.

Təlim proqramından sonra finalçılar münsiflər heyətinin üzvləri və BRICK agentliyinin mentoru ilə beş mentorluq sessiyasında iştirak ediblər. Bir neçə ay davam edən hazırlıq və inkişaf prosesinin yekununda komandalar hazırladıqları prototipləri və yekun həllərini final mərhələsində münsiflər heyətinə təqdim ediblər.

Final təqdimatları problemin müəyyənləşdirilməsi, təklif olunan həll, innovativlik, layihənin yarada biləcəyi fayda və təqdimatın keyfiyyəti meyarları əsasında qiymətləndirilib. Qiymətləndirmədə layihənin fayda potensialına 35 faiz, təqdimata 20 faiz, problemin müəyyənləşdirilməsi, həll və innovativlik meyarlarının hər birinə isə 15 faiz çəki verilib.

Müsabiqənin nəticələrinə əsasən, finala yüksələn üç layihə pul mükafatına layiq görülüb. Birinci yerin qalibi, həmçinin noyabr ayında Türkiyəyə səfər edərək “Anadolu Group”un fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıb.

“Coca-Cola İçecek” Azərbaycan şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində inkişaf etdirmək imkanı yaradıb:

“Coca-Cola İçecek olaraq gənclərin iqtisadi imkanlarının artırılmasını və onların peşəkar mühitdə təcrübə qazanmasını təşviq edən layihələri daim dəstəkləyirik. “One Idea” innovasiya müsabiqəsi çərçivəsində tələbələr ideyalarını real biznes ehtiyacları əsasında inkişaf etdirmək, prototiplər hazırlamaq və onları şirkətin rəhbər heyətinə təqdim etmək imkanı qazandılar. Bir neçə ay davam edən təlim və mentorluq prosesi iştirakçılara layihələrin idarə edilməsi, innovativ düşüncə və təqdimat bacarıqlarını inkişaf etdirməyə kömək etdi. İnanırıq ki, əldə etdikləri bilik və təcrübə onların gələcək peşəkar inkişafına müsbət töhfə verəcək”.

Müsabiqəyə “Coca-Cola” sisteminin əsas fəaliyyət istiqamətləri, o cümlədən məhsul və innovasiyalar, təchizat zənciri, istehsal, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar üzrə ideyalar təqdim olunub.

Qeyd edək ki, “Coca-Cola”nın Azərbaycandakı fəaliyyəti 1996-cı ildə “Azerbaijan Coca-Cola Bottlers” MMC şirkətinin yaradılması ilə başlayıb. Şirkət Azərbaycanda tullantıların azaldılması, su ehtiyatlarının qorunması, eləcə də qadınların və gənclərin iqtisadi imkanlarının artırılması istiqamətində həyata keçirilən icma layihələrinə indiyədək 3 milyon ABŞ dollarından çox sərmayə yatırıb. “New Generation”, “From Start to Smart” və “Recyclathon” şirkətin Azərbaycanda dəstəklədiyi layihələr sırasındadır.