İrandan Rusiyaya aparılan kahı yükündən narkotik çıxdı - FOTO

Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Cənub-Astara" gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına təzə kahı yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.

Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.