Cənubi Koreyanın “SK Hynix” şirkəti bu il səhmdarlarına təxminən 75 milyard dollar qaytarmağı planlaşdırır.
Sfera.az bildirir ki, “Reuters”in məlumatına görə, “Nvidia”nın əsas təchizatçılarından biri olan şirkət yüksək ötürücülük qabiliyyətli yaddaş (HBM) və DRAM çiplərinin sifarişlərinin 2029-cu ilədək tam dolduğunu bildirib. HBM çiplərinə tələbatın şirkətin istehsal imkanlarını iki dəfə üstələdiyi, çip qıtlığının isə 2030-cu ilədək davam edə biləcəyi qeyd olunub.
Şirkətin nikbin proqnozları Asiya texnologiya şirkətlərinin səhmlərinə də müsbət təsir göstərib. “SK Hynix”in səhmləri 11 faiz, onun əsas rəqiblərindən olan “Samsung Electronics”in səhmləri isə 9 faiz bahalaşıb.
“SK Hynix”in maliyyə direktoru Kim U-hyon bildirib ki, investorlar süni intellekt layihələrinin iqtisadi səmərəliliyinə və gəlirliliyinə daha çox diqqət yetirsələr də, bu sahəyə yatırımların davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, süni intellekt xidmətlərinin daha geniş yayılması və biznesdə konkret nəticələr verməsi investisiyalara marağı qoruyur.
Səhmdarlara 75 milyard dollar qaytarılacaq
Şirkətin açıqlamasına əsasən, səhmdarlara qaytarılacaq vəsaitin ümumi həcmi təxminən 100 trilyon von, yəni 75 milyard dollar olacaq. Bunun 30 trilyon vondan çoxu nağd dividendlərə, 60 trilyon vondan çoxu isə səhmlərin geri alınması və ləğvinə yönəldiləcək.
“SK Hynix” həmçinin Yaponiyanın “Kioxia” şirkətinə yatırdığı investisiyadan əldə etdiyi gəlirin böyük hissəsini xüsusi dividend vasitəsilə səhmdarlarına qaytarmağı planlaşdırır.
Şirkətin səhmləri süni intellekt sahəsindəki yüksəliş fonunda bu il iki dəfədən çox bahalaşıb. Bununla belə, qiymətlər iyunda qeydə alınan rekord həddən təxminən 50 faiz aşağı düşüb.