Bakı, 28 oktyabr, AZƏRTAC Qarşılıqlı anlaşma, həmrəylik, empatiya, güclü əlaqələr və sağlam münasibətlər çox vacibdir. Buna görə də gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda plenar sessiyada çıxışı zamanı səsləndirib.O, gənclərə müraciət edərək bildirib ki, iqlim dəyişmələri, müharibələr və süni intellekt müasir dünyanın qarşısında duran əsas çağırışlardandır: “Bu problemlər eyni vaxtda meydana çıxır və bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan onların həlli daha da mürəkkəbləşir. Bu çağırışlara cavab vermək gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Buna görə də çalışın, əzmkar olun və ümidinizi qoruyun. Siz özünüz, ailəniz, ölkəniz və bütün dünya üçün daha yaxşı gələcək istədiyinizə görə bu ümidi yaşatmalısınız”. Fotomüxbir - Tofiq Babayev