Ölkə kubokunun 2-ci təsnifat mərhələsinin dünən keçirilən “Səbail” – “Zirə” oyununda biabırçı hadisə baş verib. Qonaqların 2:2 bitən oyundan sonra penalti seriyasında qalib gəlməklə 1/8 finala adladığını xəbər vermişdik. İş ondadı ki, “Zirə”nin qələbəsi legitim deyil. Oyunu idarə edən Səbuhi Bayramovun kobud səhvi üzündən komandalar yenidən meydana qayıtmalıdı! Bəs nə baş verib?
“Səbail”in kamerunlu yarımmüdafiəçisi Samuel Nonqo 68 və 80-ci dəqiqələrdə iki sarı vərəqə alsa da, meydandan qovulmayıb. Oyunu televiziya ilə izləyənlər rəzaləti görüb. 80-ci dəqiqədəki “sarı”dan sonra 4-cü hakim Vaqif Vəliyevdən qırmızı vərəqə göstərməli olduğu ilə bağlı siqnal alan Səbuhi Bayramov əlini cibinə atsa da, onu dövrəyə alan “Səbail” futbolçularının təzyiqi altında qərarını dəyişib. Belədə meydanda qalan Nonqo yalnız 90-cı dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənib. Həmin Ehtiram Şahverdiyev isə hətta penalti seriyasında da iştirak edib.
Daha bir biabırçı məqam odu ki, PFL-in saytına qoyulan və sonradan redaktə olunan protokolda Nonqonun həm 80-ci dəqiqədə “qırmızı” aldığı, həm də 90-cı dəqiqədə Şahverdiyevlə əvəzləndiyi göstərilib. İndi futbol qurumunun üzərinə düşən vəzifə “Səbail” – “Zirə” oyununun yenidən keçirilməsinə qərar verməkdi. Bütün turnirlərin reqlamentində göstərilir ki, hakim futbolçuya ikinci sarını göstərəndən sonra meydandan qovmazsa, oyun yenidən keçirilməlidi. Top meydanın PFL-ə aid hissəsindədi!