Kim Çen In orduya müharibəyə hazırlıq tapşırığı verdi

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərindən intensiv və müntəzəm hərbi təlimlər keçirməklə bölmələrin tam döyüş hazırlığını təmin etməyi tələb edib.

Bu barədə oktyabrın 28-də Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In bölük komandirlərinin əsas vəzifəsinin bölmələrin müharibəyə tam hazırlığını təmin etmək olduğunu bildirib.

“Yoldaş Kim Çen In qeyd edib ki, bölük komandirlərinin qarşısında duran ən mühüm inqilabi vəzifə bölmənin müharibəyə tam hazırlığını təkmilləşdirməkdir. Bunun praktiki yolu isə fasiləsiz və intensiv hərbi təlimlərdir”, – deyə agentliyin məlumatında bildirilir.

Şimali Koreya liderinin sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik bölmələr formalaşdırmalıdırlar.

Kim Çen In həmçinin vurğulayıb ki, ordunun gücü yalnız müasir silahlarla müəyyən edilmir. Şəxsi heyətin hazırlığı və ayrı-ayrı bölmələrin döyüş imkanları da mühüm əhəmiyyət daşıyır.

Koreya Xalq Ordusunun bölük komandirlərinin III toplantısının iştirakçıları ilə görüş oktyabrın 27-də baş tutub.

Tədbirdə Şimali Koreyanın müdafiə naziri Kim Son Gi, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yon Gil, ordunun Baş Siyasi İdarəsinin rəis müavini Yu Kvan U, eləcə də qoşun növlərinin komandanları və iri hərbi birləşmələrin komandirləri iştirak ediblər.