Ceyhun Bayramov: Son bir ildə 250 azərbaycanlı Niderland universitetlərinə qəbul olunub

Azərbaycan və Niderland arasında yüksək texnologiyalar, süni intellektin idarə edilməsi və kibertəhlükələrin qarşısının alınması sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın bir sıra iri şirkətləri, o cümlədən SOCAR Niderlandda fəaliyyət göstərir.

Bayramov iki ölkə arasında humanitar əməkdaşlığa, xüsusilə təhsil sahəsində əlaqələrə də diqqət çəkib. Onun sözlərinə görə, Niderlandın aparıcı universitetləri Azərbaycanın xaricdə təhsil üzrə dövlət proqramlarında uzun illərdir təmsil olunur.

O bildirib ki, 2022–2028-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində Niderlandın iki universitetinin 23 təhsil proqramı yer alıb.

Nazirin sözlərinə görə, 2026–2027-ci tədris ili üzrə dövlət proqramından kənar imkanlarla da Niderland universitetlərinə qəbul olunan azərbaycanlı tələbələr var. Təkcə bir il ərzində 250 azərbaycanlı gənc Niderland universitetlərinə qəbul olunub.