Xırdalanda su basan yolda təmir işlərinə başlanılıb

"Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi ərazisindəki avtomobil yolunda suyun toplanması problemi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat verilib.

Qeyd olunub ki, hazırda ərazidə su yığıntısı yoxdur və hərəkət bərpa edilib:

"Məsələnin köklü həlli istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb. Cari ilin sonunadək nəzərdə tutulan işlərin yekunlaşdırılması və sistemin şəbəkəyə qoşulması planlaşdırılır. Bu da ərazidə yağış və tullantı sularının kənarlaşdırılmasını təmin edərək analoji halların qarşısını alacaq".

Xatırladaq ki, oktyabrın 24-də sözügedən ərazidə toplanan su nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə çətinlik yaradırdı.