"Qızlara öyrətməli olduğumuz təkcə yaxşı oxumaq deyil" - Günay Miri

"Bir qızın gələcəyi nə vaxt məhdudlaşmağa başlayır? Məktəbdə qiymətləri aşağı düşəndəmi, arzularından imtina edəndəmi, yoxsa ona ilk dəfə “sən qızsan, sənə nə düşüb?” deyildiyi anda? Bəlkə də bu sualların cavabı məktəbin divarları arasında deyil, ailədə, cəmiyyətdə, uşaqlara ötürdüyümüz düşüncələrdə gizlənir. Təhsil yalnız dərslikdən bilik almaq deyil. Təhsil insana düşünməyi, seçim etməyi, özünə inanmağı və həyatını başqalarının müəyyənləşdirdiyi çərçivələrdən kənarda qurmağı öyrədir. Elm və təhsil naziri Emin Əmrullayevin qızların təhsilinin önə çəkilməsinin vacibliyi ilə bağlı fikirləri də bu baxımdan düşündürücüdür ki, niyə ibtidai siniflərdə qızların nəticələrinin yüksək olması, yuxarı yaşlarda isə bu əksinə olur".

Bunu açıqlamasında gənc müəllim, publisist Günay Miri bildirdi. Onun sözlərinə görə, qız uşağının təhsil yolu ailədəki münasibətlərdən başlayır: "Əgər ailədə oğlanın təhsili gələcəyə sərmayə, qızın təhsili isə müəyyən yaşa qədər davam edən bir mərhələ kimi qəbul edilirsə, problem yalnız təhsillə bağlı deyil. Burada uşaqların gələcəyinə fərqli ölçülərlə yanaşmaqdan söhbət gedir. Yeniyetməlik dövründə qızların üzərinə daha çox ev işi qoyulması, dərsdənkənar fəaliyyətlərə məhdudiyyətlər, təhlükəsizlik narahatlıqları və erkən nikah təzyiqləri onların təhsil imkanlarını daralda bilər. Bəzən qızın dərslərinə ayırmalı olduğu vaxt ailə məsuliyyətlərinə sərf olunur, bəzən isə gələcək arzuları “el nə deyər?” düşüncəsinin kölgəsində qalır. Beləliklə, qız məktəbdən ayrılmasa da, təhsildən uzaqlaşa bilər. Dərsə gedər, imtahan verər, öz potensialına inamını itirər".

Müsahibimiz əlavə etdi ki, ən təhlükəlisi uşaqlarımızın öz potensialına inamını itirməsidir: "Nazir anası ali təhsilli olan şagirdlərin nəticələrinin daha yüksək olması ilə bağlı fikri ailənin rolunu bir daha gündəmə gətirir. Təhsilli ana övladının inkişafına, dünyagörüşünə və gələcək seçimlərinə mühüm təsir göstərə bilər. Burada məsələ yalnız ananın diplomu deyil. Valideynin övladına münasibəti, evdəki psixoloji mühit, təhsilə verilən dəyər və məktəblə əməkdaşlıq da əhəmiyyətlidir".

Gənc müəllim vurğuladı ki, atanın qızının təhsilinə dəstək verməsi, onun fikirlərini dinləməsi, peşə seçiminə hörmətlə yanaşması ailədə bərabər imkanlar mədəniyyətini gücləndirir: "Qızını qorumaq istəyən valideyn onun dünyasını məhdudlaşdırmamalı, həyatda müstəqil qərar verə biləcək qədər bilikli və güclü yetişməsinə şərait yaratmalıdır. Məktəb də bu prosesdə ailənin tərəfdaşı olmalıdır. Şagirdin nəticələri zəifləyirsə, müəllim yalnız qiymətə deyil, həmin qiymətin arxasında dayanan səbəblərə baxmalıdır. Bəlkə uşağın əlavə dəstəyə ehtiyacı var, bəlkə ailədə çətinlik yaşayır, bəlkə də özünəinamını itirir. Finlandiya kimi təhsil sistemi inkişaf etmiş ölkələrdə şagirdin fərdi ehtiyaclarına, psixoloji rifahına və məktəb-ailə əməkdaşlığına verilən önəm bu baxımdan əhəmiyyətli nümunədir".

Həmsöhbətimizin fikrincə, qızların təhsilini gücləndirmək üçün ailə, məktəb və dövlət eyni məqsədə xidmət edən tərəflər kimi fəaliyyət göstərməlidir: "Hamımız şahidi oluruq ki, xaricdə yeni uğurlara imza atanlara deyirlər ki, “əjdaha”dır. Biz isə "əjdaha" axtararkən onun necə yetişdiyini unuduruq. Uğurun arxasında təkcə istedad dayanmır. Onun arxasında keyfiyyətli təhsil, zəhmət, ailə dəstəyi, müəllimin inamı və səhv etməkdən qorxmayan bir mühit dayanır. Qız uşağına yalnız yaxşı oxumağı deyil, sual verməyi, araşdırmağı, mübahisə etməyi, öz fikrini müdafiə etməyi də öyrətmək lazımdır. Ona “bacarmazsan” demək əvəzinə, bacarması üçün hansı bilik və imkanlara ehtiyacı olduğunu göstərmək lazımdır".

Günay Miri vurğuladı ki, istedad cinsə görə bölünmür: "İstedadın inkişafı üçün yaradılan imkanlar isə bəzən fərqli olur. Məhz bu fərqi aradan qaldırmaq təhsildə ədalətin əsas şərtidir. İlk növbədə, qızların təhsil nəticələri yaş, fənn, region və sosial şərait üzrə araşdırılmalıdır. Təhsildə geriləmənin hansı mərhələdə və hansı səbəblərdən yarandığı müəyyənləşdirilmədən görülən tədbirlər problemi tam həll edə bilməz. Ailələrdə maarifləndirmə gücləndirilməli, məktəblərdə psixoloji dəstək və fərdi təlim imkanları genişləndirilməlidir. Təhsildən yayınma riski olan uşaqlarla vaxtında işlənilməli, maddi çətinlik yaşayan ailələrə dəstək göstərilməlidir. Erkən nikahın qarşısının alınması, qızların təhlükəsizliyinin təmin edilməsi və təhsilə davamlı çıxış imkanlarının yaradılması əsas prioritetlər sırasında olmalıdır. Qızların elmə, texnologiyaya, mühəndisliyə və digər peşə sahələrinə marağı artırılmalı, təqaüd və mentorluq proqramları genişləndirilməlidir. Uğurlu qadın alimlərin, mühəndislərin, müəllimlərin və sahibkarların təcrübəsi məktəblilərə çatdırılmalıdır. Uşaq özünə bənzər bir insanın böyük uğur qazandığını görəndə, bəzən onun üçün əlçatmaz görünən məqsəd birdən-birə mümkün olur. Ən əsası, qızların təhsil hüququ məktəbə getməklə məhdudlaşmamalıdır. Onlar ali təhsil almaq, peşə seçmək, əmək bazarında bilik və bacarıqlarına uyğun yer tutmaq, öz həyatları ilə bağlı qərar vermək imkanına sahib olmalıdırlar".

O, əlavə etdi ki, Azərbaycan dövlətinin təhsil sahəsində qarşıya qoyduğu məqsədlərdən biri savadlı, bacarıqlı, milli dəyərlərinə bağlı və müasir dünyada rəqabət apara bilən nəsil yetişdirməkdir: "Bu məqsədə çatmaq üçün hər bir uşağın potensialını üzə çıxarmaq, təhsilin keyfiyyətini yüksəltmək və imkan bərabərliyini gücləndirmək vacibdir. Qızların təhsili yalnız sosial məsələ deyil. Bu, insan kapitalının inkişafı, iqtisadi tərəqqi və dövlətçilik məsələsidir. Bu gün təhsil alan qız sabah müəllim, alim, həkim, mühəndis, rəhbər və gələcək nəslin yetişməsinə töhfə verən ana ola bilər. Güclü dövlət güclü təhsildən, güclü təhsil isə insanın imkanlarına verilən dəyərdən başlayır. Qızların təhsilinə qoyulan sərmayə Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Bəlkə də bir gün “Bizdə o əjdahadan niyə yoxdur?” sualını verməyə ehtiyac qalmayacaq. Öz ölkəmizdə yetişən qadın alimlərimiz, mühəndislərimiz, tədqiqatçılarımız və mütəxəssislərimizlə qürur duyacağıq. Bunun üçün onların istedadına inanmalı, qarşılarına sədd çəkmək əvəzinə yollarını açmalı, arzularını dəstəkləməliyik. Gələcəyin uğurlu insanları yalnız istedadlı olduqları üçün yetişmirlər. Onlara inanıldığı, öyrənmək imkanı verildiyi və zəhmətlərinə dəyər verildiyi üçün yetişirlər.