İsrail səkkiz yol arasında - Netanyahunu nə gözləyir?…

İsraildə oktyabrın 27-nə təyin olunmuş parlament seçkisi baş nazir Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası və müttəfiqlərinin məğlubiyyəti ilə nəticələnə bilər.

1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2022-ci ildən baş nazirdir. O, 1996-1999 və 2009-2021-ci illərdə də eyni postu tutub.

27 oktyabr səsverməsinin Benyamin Netanyahunun baş nazirliyinə son qoyacağı proqnozlaşdırılır. Lakin seçkidə məğlubiyyət onun dərhal hakimiyyətdən düşməsi demək deyil. Hökumətin taleyi siyasi qüvvələrin koalisiya qurmasından asılı olacaq.

Rəy sorğuları hakim blokun 50, müxalif düşərgənin 52 mandat qazanacağını göstərir.

Parlament (Knesset) proporsional seçki sistemi əsasında (partiya siyahıları üzrə) formalaşır. Seçki baryeri 3,25 faizdir. 120 yerlik qanunverici orqanda 61 mandatı olan qüvvə hökumət qurmaq hüququ əldə edir. Bir qayda olaraq mütləq qələbə baş vermir, partiyalar koalisiya yaratmalı, yəni başqa siyasi qüvvələrlə razılığa gəlməli olur.

Medianews.az bildirir ki, Qətərin “Əl-Cəzirə” telekanalı 27 oktyabr seçkisinin, daha dəqiqi, Netanyahunun hakimiyyətdə qalıb-qalmamasının səkkiz mümkün variantını təqdim edib.

  • Netanyahu yenidən hökumət qurur

Rəy sorğularında bir qədər geridə qalmasına baxmayaraq Likud Partiyası indiki müttəfiqlərinin və ya yeni koalisiya tərəfdaşlarının dəstəyi ilə yetərli mandat toplayarsa, baş nazir vəzifəsində qala bilər.

Onun ənənəvi müttəfiqləri arasında milli təhlükəsizlik naziri, ifrat sağçı İtamar Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası və maliyyə naziri Betsalel Smotriçin rəhbərlik etdiyi Dini Sionist Partiyası var.

İfrat dini ŞAS Partiyası və Tora Yəhudiliyi Partiyası da hökumətin formalaşmasında mühüm rol oynaya bilər. Bu partiyalar əvvəllər Netanyahunun koalisiyasına bir neçə dəfə qoşulublar.

  • Müxalifətin rəhbərlik etdiyi çoxluq hökuməti

Sentyabrın sonunda dörd müxalif qurum - Yaşar Partiyası, Demokratlar Partiyası, İsrail - Bizim Evimiz Partiyası və Birlikdə ittifaqı Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə birgə fəaliyyət göstərmək razılığına gəlib və bir-biri əleyhinə iş aparmamaq üçün pakt imzalayıb. Blok gələcək hökumətə kimin rəhbərlik edəcəyini açıqlamayıb. Yaşar Partiyasının lideri, İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş rəisi Qadi Eyzenkot baş nazir postuna ən real namizəd hesab olunur. Birlikdə ittifaqına Yair Lapidlə birgə rəhbərlik edən keçmiş baş nazir Naftali Bennett də mümkün namizədlərdən biridir.

  • Raam Partiyasının daxil olduğu koalisiya

İsrail əhalisinin təxminən 20 faizini təşkil edən fələstinli ərəb vətəndaşları birləşdirən iki siyasi qüvvənin - Birgə Siyahı bloku və Raam partiyasının - ümumilikdə 13 mandat qazanacağı proqnozlaşdırılır.

Raam 2021-ci ildə Bennet hökumətinin koalisiyasına qoşulmuş və İsrail tarixində hakim koalisiyada iştirak edən ilk ərəb partiyası olmuşdu. Qurumun lideri Mənsur Abbas müxalifət ittifaqının əlavə mandatlara ehtiyacı yaranarsa, həmin təcrübəni təkrarlamağa hazır olduğunu bildirib. Amma Qadi Eyzenkot da daxil olmaqla müxalif liderlərin əksəriyyəti Raamla ittifaqı istisna edir.

  • Azlıq hökuməti

Koalisiya 61 mandat toplaya bilməsə, digər partiyaların dəstəyini onların hökumətə daxil olmaması ilə əldə etməyə çalışa bilər. Belə partiyalar arasında fələstinli ərəblərin rəhbərlik etdiyi siyasi qüvvələrin də olması istisna deyil.

Hadəş, Taəl və Bələd fraksiyalarını birləşdirən Birgə Siyahı bloku Netanyahunun əleyhinə olan koalisiyaya şərti dəstək vermək imkanını nəzərdən keçirir. Bu variant koalisiyaya qoşulmadan etimad səsverməsində onun əleyhinə getməməyi nəzərdə tutur.

Birgə Siyahı bunun müqabilində müəyyən şərtlərin yerinə yetirilməsini tələb edə bilər. Tələblər arasında Fələstin dövlətinin yaradılmasına aparan yolun açılması və mütəşəkkil cinayətkarlıqla mübarizə var.

  • Milli birlik hökuməti

İsraildə milli birlik hökumətinin, yəni müxtəlif, o cümlədən rəqib parlament qruplarının nümayəndələrini birləşdirən geniş koalisiyanın yaradılması ənənəsi də var. Belə hökumətlər adətən müharibə, təbii fəlakət və iqtisadi böhran kimi fövqəladə vəziyyətlərdə yaradılır. 2020-ci ilin mayında Netanyahu və Benni Qants nəticəsiz qalan üç seçkidən sonra milli birlik hökuməti qurmuşdu. Lakin razılaşma bir il keçməmiş pozuldu.

2023-cü ildə HƏMAS-ın İsrailə hücumlarından sonra Qants və onun partiyasının üzvləri Netanyahunun koalisiyasına qoşuldu. Bu addım fövqəladə şəraitdə milli birlik hökumətinin yaradılması kimi qiymətləndirildi. Halbuki Qants buna qədər sərt şəkildə Netanyahunun hakimiyyətinə qarşı çıxırdı.

  • Baş nazir postunun növbəli şəkildə bölüşdürülməsi

Siyasi liderlər hakimiyyətin bölüşdürülməsi barədə razılığa gələrək baş nazir vəzifəsini növbə ilə tuta bilərlər.

Netanyahu və Qants 2020-ci ildə belə bir razılaşma əldə etmişdi. Lakin koalisiya Qantsın baş nazir vəzifəsini təhvil almasından əvvəl dağıldı.

Bennett və Lapid də baş nazir postunun növbəli şəkildə bölüşdürülməsi barədə razılaşıblar. 2021-ci ilin iyununda Bennett hakimiyyətə gəldikdən sonra baş nazir vəzifəsinin müəyyən müddət sonra Lapidə keçməsi nəzərdə tutulurdu.

2022-ci ilin iyununda Bennettin koalisiyası parlament çoxluğunu itirdi. Həmin ilin iyulunda Lapid müvəqqəti baş nazir oldu.

  • Eyni siyasi düşərgədən başqa baş nazir

İsraildə parlament seçkisindən sonra baş nazir Knesset üzvlərinin səsverməsi əsasında müəyyənləşir. Hökumətin qurulması ilə bağlı danışıqlar nəticə verməsə, siyasi qüvvələr Netanyahunun düşərgəsindən və ya müxalifət blokundan olan başqa bir deputatı dəstəkləmək barədə razılığa gələ bilərlər. Belə namizədin gələcək koalisiya tərəfdaşları üçün daha məqbul hesab olunan şəxs olması mümkündür. Bu variant siyasi düşərgələr arasında razılaşmanın əldə edilməsinə və hökumətin formalaşdırılmasına imkan yaradar.

  • Razılaşma əldə olunmasa, yeni seçkilər keçirilə bilər

Heç bir siyasi lider Knessetdə kifayət qədər dəstək toplaya bilməsə, İsrail siyasi qeyri-sabitlik dövrünə qədəm qoya və təkrar seçkilərə gedə bilər. 2019-2022-ci illərdə rəqib siyasi blokların sabit hökumət qurmaqda dəfələrlə çətinlik çəkməsi nəticəsində ölkədə beş dəfə parlament seçkisi keçirilmişdi.

Belə bir ssenaridə yeni hökumət fəaliyyətə başlayana qədər Netanyahu müvəqqəti baş nazir vəzifəsini icra etməyə davam edəcək.

Beləliklə, 27 oktyabr seçkilərinin nəticəsi Netanyahunun siyasi mövqeyini zəiflədə bilər. Lakin onun hakimiyyətdən gedib-getməyəcəyini təkcə səsvermənin nəticəsi deyil, seçkidən sonra aparılacaq koalisiya danışıqları və Knessetdə formalaşacaq qüvvələr nisbəti müəyyən edəcək.