İranlı nazirin Azərbaycandakı qızlarla bağlı çağırışına deputatdan SƏRT CAVAB

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf bir videomüraciətində Azərbaycanda hicab səbəbindən təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət edib. O, həmin qızların İranda təhsili üçün şərait yaratmağa hazır olduqlarını bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirdi ki, heç kəsin bizim vətəndaşlarımızın təhsilini öz ölkəsində təşkil etməsinə ehtiyac yoxdur:

"Azərbaycan dövləti öz vətəndaşlarının təhsilini, həyatını və gələcək planlarını təmin etmək gücündədir. Son hadisələr də göstərdi ki, cəmiyyət dövlətin bu istiqamətdəki fəaliyyətini dəstəkləyir. Azərbaycan öz daxili məsələlərini müstəqil şəkildə həll etmək iqtidarındadır. Təhsilimiz dünya standartlarına cavab verir və dünyəvi xarakter daşıyır. Qurduğumuz təhsil sistemi savadlı, vətənini sevən və öz hüquqlarını qorumağı bacaran bir nəsil yetişdirmək imkanına malikdir".