Fransa Prezidenti Emmanuel Makron Marselə səfər edəcək.
Bu barədə Fransa mediası Yelisey sarayının mətbuat xidmətinin məlumatına istinadən xəbər yayıb.
Bildirilib ki, E.Makron Marselin meri Benua Payanla görüş keçirəcək.
"Dövlət başçısı oktyabrın 17-də iğtişaşlar nəticəsində zərər çəkmiş Marsel meriyasına baş çəkəcək. O, həmçinin daxili təhlükəsizlik qüvvələrinə də təşəkkür edəcək", - məlumatda qeyd olunub.
Medianın məlumatına görə, Payan daha əvvəl etirazlar zamanı asayişi təmin etmək üçün cəlb edilmiş polis əməkdaşlarının sayının çatışmazlığı ilə bağlı narazılığını bildirmişdi.
Qiymət artımına, yaşayış ilə bağlı yüksək xərclərə və alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxan etirazçılar şəhər meriyasının binasını darmadağın ediblər.
Bundan əlavə, naməlum şəxslər və iğtişaş iştirakçıları lüks mağazaları, o cümlədən "Rolex" və "Louis Vuitton" butiklərini qarət ediblər. "Marsel" futbol klubunun rəsmi mağazasına ciddi ziyan dəyib və bu səbəbdən onu müvəqqəti bağlamaq məcburiyyətində qalıblar.
Marsel Ticarət və Sənaye Palatasının məlumatına görə, şəhərin mərkəzində 500-ə yaxın mağaza talan edilib.